Cənubi Koreyada universitetə qəbul imtahanı zamanı zala gizli mobil telefon keçirən 22 abituriyent aşkar edilib.
E-huquq.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, onlar telefonlara göndərilən yüksək səsli xəbərdarlıq siqnalı sayəsində tutulublar.
Bu addım imtahanda köçürmə hallarının qarşısını almaq üçün atılıb. Təhsil nazirinin müavini Çoi Eun-ok bildirib ki, imtahandan əvvəl telefonunu təhvil verməyən həmin 22 nəfərlə bağlı araşdırma aparılacaq. Qayda pozuntusu təsdiqlənərsə, onlara qarşı tədbir görüləcək.
Qeyd edək ki, bu ay ölkədə keçirilən vergi mühasibi imtahanında da oxşar qalmaqal yaşanıb. İmtahanda ən yüksək bal toplayan namizəd gizli kamera, smartfon və süni intellektdən istifadə edərək köçürdüyünü etiraf edib. Polis onun cihazlarını müsadirə edib və faktla bağlı araşdırma başladılıb.
Cənubi Koreya qanunlarına görə, imtahanda köçürən şəxslərin nəticələri ləğv edilir və onlara 5 il imtahan qadağası qoyulur. Hüquq-mühafizə orqanları bu cür halların cinayət məsuliyyəti yarada biləcəyini də istisna etmir.
Şəbnəm Mehdizadə
