- 11 İyul 12:43
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) arasında əməkdaşlıq əsasında aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi məqsədilə regionlarda sosial hüquqi aksiyalar davam etdirilir.
Vəkillər Kollegutasından e-huquq.az-a verilən xəbərə görə, bu çərçivədə iyulun 10-da və 11-də deputatların təşəbbüsü ilə Şirvan, Göyçay, Bərdə, Tərtər və Qusar rayonlarında vətəndaşlarla görüşlər keçirilib. Aksiyalar Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının inzibati binalarında və Heydər Əliyev Mərkəzlərində təşkil olunub.
Deputatlar Heydər Əsədov (Şirvan), Məzahir Əfəndiyev (Göyçay), Fatma Yıldırım (Bərdə), Anar Məmmədov (Tərtər) və Azər Badamovun (Qusar) təşəbbüsü ilə keçirilən tədbirlərdə VK-nın Hüquqi Yardım Mərkəzinin sədr müavini Afət Qazıyeva və Kollegiyanın müvafiq region vəkil qurumlarının, Tərtərdə isə Goranboy rayon Vəkil Bürosunun vəkilləri iştirak ediblər.
Vəkillər ümumilikdə 70-ə yaxın aztəminatlı vətəndaşı qəbul edərək müxtəlif hüquq sahələri, o cümlədən mülkiyyət hüquqları, torpaq mübahisələri, aliment və aliment ödənişi, əlillik məsələləri, sosial təminatlar və inzibati işlər üzrə məsləhətlər veriblər, həmçinin vətəndaşların müraciətləri dinlənilərək aidiyyəti üzrə yönləndirilib.