Hüquqi Yardım Mərkəzində Salerno Vəkillər Kollegiyasının nümayəndə heyəti ilə görüş keçirildi - FOTO


  • 11:31

Avqustun 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) Hüquqi Yardım Mərkəzində İtaliyanın Salerno Vəkillər Kollegiyasının sədri Alberto Toriellonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

E-huquq.az xəbər verir ki, görüşü giriş sözü ilə açan ARVK-nın sədr müavini - Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov, qonaqları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və iki ölkə arasında mövcud olan isti münasibətlərdən məmnunluğunu ifadə edib.

O, çıxışında Azərbaycanda vəkillik təsisatının gücləndirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və fəaliyyətinin modernləşdirilməsi istiqamətində atılan fundamental addımlar barədə danışıb. Sədr müavini Vəkillər Kollegiyasının beynəlxalq əlaqələrin dərinləşdirilməsinə xüsusi önəm verdiyini, son illərdə həm bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzv olunduğunu, həm də xarici ölkələrin vəkillər qurumları ilə birbaşa əməkdaşlıq qurulduğunu diqqətə çatdırıb. Bununla yanaşı, Kollegiyanın beynəlxalq tərəfdaşların tədbirlərinə fəal şəkildə iştirak etdiyini və özünün də bu tipli tədbirləri yüksək səviyyədə təşkil etdiyi qeyd edib.

Şahmar Məmmədov yekunda aparılan islahatlar nəticəsində vəkilliyin nüfuzunun əhəmiyyətli dərəcədə artdığını, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müsbət dinamikaya nail olunduğunu və Kollegiyanın bu istiqamətdə fəaliyyətini daha da genişləndirməkdə qərarlı olduğunu vurğulayıb.

Həmçinin görüşdə ARVK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə ötən dövrlərdə görülən işlər, vəkilliyə diqqətin artırılması və bu sahədəki islahatların nəticələri barədə təqdimatla çıxış edərək təfərrüatlı məlumatları qonaqların nəzərinə çatdırıb.

Salerno Vəkillər Kollegiyasının sədri Alberto Toriello görüşdən məmnunluğunu ifadə edib, Azərbaycanda vəkillik institutunun inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirdiyini söyləyib.

Görüşün davamında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib, suallar cavablandırılıb.

Sonda qonaqlar Mərkəzin inzibati binası ilə tanış olub, burada yaradılan iş şəraiti və Mərkəzin fəaliyyət istiqamətləri ilə əyani tanış olublar.

Oxşar xəbərlər