Anar Bağırov: "Yeni qanun müstəsna əhəmiyyət daşıyır"


  • 13 Avqust 16:39

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “Xüsusi icra məmurları haqqında” Qanun qəbul edilib. Yeni qanuna əsasən, xüsusi icra məmurları ilə bağlı yaradılacaq “Müsabiqə Komissiyası” və “İntizam Komissiyası”nda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası da təmsil olunacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.

Onun sözlərinə görə, yeni qanun məhkəmə qərarlarının icrası sahəsində mövcud olan problemlərin həllində mühüm rol oynayacaq və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sistemində aparılan islahatların ən vacib mərhələlərindən birini təşkil edir.

“Vəkilliyin bu prosesdə bilavasitə iştirakı ölkə rəhbərliyinin Azərbaycan vəkilliyinə göstərdiyi yüksək etimadın və hüquq islahatlarında vəkilliyin roluna verdiyi dəyərin bariz nümunəsidir. Azərbaycan Vəkil Korpusu olaraq bu etimada görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk”, – deyə A.Bağırov vurğulayıb.

Vəkillər Kollegiyasının sədri əlavə edib ki, digər ölkələrin təcrübəsində Vəkillər Kollegiyalarının yaradılan qurumlarda iştirakına rast gəlinmir və belə bir mötəbər model ilk dəfə Azərbaycanda tətbiq olunur.

“Əminik ki, Kollegiyanın bu komissiyalarda iştirakı görüləcək işlərin daha şəffaf və obyektiv həyata keçirilməsinə mühüm töhfə verəcək, həmçinin hüquq sistemimizdə ədalət prinsipinin möhkəmlənməsinə xidmət edəcək”, - deyə o qeyd edib.

Humay Eminqızı

Oxşar xəbərlər