- 17:12
2025-ci il sentyabrın 2-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan, Böyük Britaniyanın Kembric Universitetinin Korporativ Hüquq magistratura proqramına bu il qəbul olunan VK-nın üzvü Gülzada Mirzəməmmədova ilə görüş keçirib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Kollegiyanın inzibati binasında baş tutan görüşdə sədr Anar Bağırov gənc vəkili təbrik edərək bu nailiyyəti həm şəxsi uğur, həm də Azərbaycan vəkilliyi üçün qürurverici hadisə kimi qiymətləndirib.
Azərbaycan gənclərinin xaricdə təhsil almasının əhəmiyyətinə toxunan sədr Gülzada Mirzəməmmədovaya akademik fəaliyyətində və gələcək peşə karyerasında uğurlar arzulayaraq, belə nümunələrin ölkəmizdə gənc hüquqşünasların inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.
Eyni zamanda Azərbaycanda elm və təhsilə göstərilən davamlı dövlət qayğısı diqqətə çatdırılıb, gənc hüquqşünasların peşə hazırlığının yüksəldilməsinin vacibliyi dilə gətirilib.
Gülzada Mirzəməmmədova səmimi görüşə görə minnətdarlığını bildirib, təhsil planları və gələcək fəaliyyəti barədə fikirlərini bölüşüb.