- 14:50
“Mən gənc qadın vəkillərə tövsiyə edirəm ki, vəkillik peşəsini qazanc üsulu kimi seçməsinlər”.
E-huquq.az xəbər verir ki, bunu "Kazusmedia" "Youtube" kanalına müsahibəsində sabiq məhkəmə hakimi və Vəkillər Kollegiyasının üzvü Tamila Nəsrullayeva deyib.
O bildirib ki, vəkillik peşəsinə yalnız dolanışıq məqsədi ilə baxılmamalıdır: “Vəkillik bir missiyadır – insanları müdafiə etmək, haqqı qorumaq və bəzən də səsinin heç kimin eşitmədiyi şəxslərin səsi olmaqdır. Əgər vəkil yalnız pul qazanmaq üçün işləyirsə, tezliklə yorulacaq. Əgər vəkil hər işi bir ədalət mübarizəsi kimi görürsə, heç vaxt tükənməyəcək”.
Tamila Nəsrullayeva son illər Vəkillər Kollegiyasında görülən mühüm işlərdən də danışıb: “Hazırda Azərbaycan Vəkillər Kollegiyasında savadlı gənc vəkillərimiz var. Son dövrlər aparılan islahatlara görə Kollegiyanın sədri Anar Bağırova çox minnətdaram. Görülən işlərə baxıb fəxr edirəm. İndi məhkəmə proseslərində vəkil vəkil kimi çıxış edir. Əvvəlki dövrlərdəki vəkillərlə hazırkı dövrdəki vəkilləri müqayisə edəndə görürsən ki, indi vəkillik daha çox inkişaf edib”.
Qeyd edək ki, 1953-cü il təvəllüdlü Tamila Nəsrullayeva Binəqədi Rayon Məhkəməsinin sədri (1987-2000), Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri (2000-2007), Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi (2007-2011) və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi (2011-2018) vəzifələrində çalışıb. O, 2019-cu ildən Vəkillər Kollegiyasının üzvüdür.