Vəkillikdə yeni dönəm başlayır - QANUNDA NƏLƏR DƏYİŞİR?


  • 15:53

Azərbaycan Respublikasının “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununa təklif olunan dəyişikliklər həm peşənin inkişafı, həm də vətəndaşların ədalətə çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Burada xüsusilə diqqətəlayiq olan bir neçə istiqamət var.

Staj müddətinin üç ildən bir ilə endirilməsi

Bu dəyişiklik gənc hüquqşünasların peşəyə daha tez qoşulmasına şərait yaradır. Hüquq fakültəsini bitirən və imtahanlardan uğurla keçən namizədlərin əlavə 3 il gözləməsi əslində süni maneə kimi görünürdü. Staj tələbinin bir ilə endirilməsi həm motivasiyalı gənclərin vəkillik fəaliyyətinə cəlbini artıracaq, həm də vəkil çatışmazlığı olan bölgələrdə hüquqi yardıma çıxışı genişləndirəcək.

Vəkil sorğularına cavab müddəti

Vəkil sorğularına 7 iş günü müddətində cavab verilməsi tələbini qanunvericiliyə daxil etmək vəkilin səlahiyyətlərinin gücləndirilməsinə xidmət edir. Çünki vəkil sorğuları sıradan vətəndaş müraciəti deyil, ədalət mühakiməsinin həyata keçirilməsi ilə birbaşa bağlı rəsmi sənədlərdir. Bu dəyişiklik hüquqi proseslərin daha operativ və şəffaf aparılmasına şərait yaradacaq. Gələcəkdə bu tələbi pozanlar üçün inzibati məsuliyyətin müəyyənləşdirilməsi də hüquqi mühitin intizamını artıracaq.

Qeyri-qanuni “vəkillik” fəaliyyətinə qarşı tədbirlər

Vəkil adı ilə fəaliyyət göstərən, lakin Kollegiyanın üzvü olmayan şəxslərə qarşı sərt tədbirlərin görülməsi mühüm addımdır. Hazırda yalnız inzibati məsuliyyətin nəzərdə tutulması kifayət qədər çəkindirici təsir göstərmir. Bu baxımdan cinayət qanunvericiliyində də məsuliyyət tədbirlərinin tətbiqi müzakirə edilə bilər. Bu, vəkillik institutunun nüfuzunun qorunmasına xidmət edir.

Kollegiyanın strukturunun genişləndirilməsi

Regional qurumların, hüquqi yardım və tədris mərkəzlərinin yaradılması vəkillik fəaliyyətinin daha sistemli və əlçatan olmasına imkan verəcək. Bu, xüsusilə bölgələrdə əhalinin keyfiyyətli hüquqi yardıma çıxışını təmin edəcək və vəkilliyin institusional gücünü artıracaq.

Sədr seçimi ilə bağlı məhdudiyyətlərin ləğvi

Qanunda nəzərdə tutulmuş məhdudiyyətlərin aradan qaldırılması vəkilliyin müstəqilliyi prinsipinə daha çox uyğun gəlir. Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil bir peşə birliyi olaraq öz rəhbərini sərbəst şəkildə seçmək imkanı qazanır. Demokratik seçki mexanizmləri mövcud olduğu üçün vəkillərin iradəsinə əsaslanan seçimlər həm şəffaf idarəçiliyi, həm də peşə institutunun daha sabit inkişafını təmin edəcək.

Sabiq hakimləriin vəkilliyə qəbulda imtahan verməsi

Hakimlik fəaliyyətinə xitam verilmiş şəxslərin test imtahanında iştirak etməsi şəffaflıq və peşəkarlıq baxımından vacib addımdır. Hakimlik fəaliyyətinə xitam verilmiş şəxslərin imtahan verməsi heç kəsə imtiyaz tanımadan bərabər rəqabət mühiti formalaşdıracaq. Bu, həm gənc hüquqşünasların peşəyə motivasiyasını artıracaq, həm də vətəndaşlara daha hazırlıqlı, günün qanunvericiliyini yaxşı bilən vəkillərlə işləmək imkanı verəcək. Nəticədə məhkəmələrdə daha peşəkar müdafiə tərəfi formalaşacaq.

Vəkil orderi vəsiqəsinin dəqiq hüquqi anlayışının təsbit olunması

Vəkil orderinə hüquqi anlayışın verilməsi və peşə vəsiqəsinin təsbit olunması isə vəkillik fəaliyyətinin hüquqi mexanizmlərini daha dəqiq müəyyənləşdirəcək. Vəkil orderi və vəsiqəsinə qanunda dəqiq hüquqi status verilməsi həm vəkillərin fəaliyyətini aydın çərçivəyə salır, həm də vətəndaşları saxta “vəkillərdən” qoruyur. Artıq hər kəs biləcək ki, yalnız rəsmi vəsiqəsi və orderi olan şəxs məhkəmədə və ya digər dövlət orqanlarında müdafiəçi kimi çıxış edə bilər. Bu isə həm prosessual intizamı gücləndirir, həm də vəkilliyin nüfuzunu artırır.

Ümumilikdə təklif olunan dəyişikliklər bütövlükdə hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsinə, vəkillik institutunun güclənməsinə və vətəndaşların hüquqlarının müdafiəsi mexanizmlərinin daha effektiv işləməsinə xidmət edir. Vəkillik peşəsinin nüfuzunun artırılması dövlətin hüquq islahatları siyasətinin mühüm istiqamətlərindən biri olaraq dəyərləndirilə bilər.

Polad Mehdi

Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər