Vəkil Paşa Səfərov: “Cəmiyyətin inkişafı üçün hüququn təbliği xüsusi önəm kəsb edir”


  • 18:24

Son zamanlar cəmiyyətdə, xüsusilə cəmiyyətin hüquqşünas üzvləri arasında kifayət qədər nüfuz qazanan “Kazusmedia” hüquq platforması ilə bağlı bəzi məsələlərə aydınlıq gətirilib.

“Kazusmedia” hüquq platformasının rəhbəri vəkil Paşa Səfərov e-huquq.az-a açıqlamasında bildirib ki, cəmiyyətin inkişafı üçün hüququn təbliği xüsusi önəm kəsb edir və bu təbliğ dövlətin əsas məqsədi olan insan hüquq və azadlıqlarının təminatı yolunda mühüm əhəmiyyətə malikdir: “Məhz bu əhəmiyyət ədalət mühakiməsinə səmərəliliyin artırılması istiqamətində, eləcə də hüquq və azadlıqların müdafiəsi sahəsində mütəmadi olaraq diqqətdə saxlanılmalıdır”.

O qeyd edib ki, “Kazusmedia” hüquq platforması bir neçə ay öncə ərsəyə gəlsə də, qısa zamanda cəmiyyət arasında müəyyən bir nüfuz qazanıb: “Layihənin əsas məqsədi cəmiyyət arasında hüquqi maarifləndirməni təbliğ etmək, hüquq düşüncəsini artırmaq, eyni zamanda müxtəlif sahələrdə çalışan hüquqşünasların nəzəri və təcrübi biliklərini yaymaqdan ibarətdir. Məhz bu istiqamətdə bilik və təcrübəsini bölüşən vəkil və müxtəlif məhkəmə instansiyalarında hakim işləmiş hüquqşünaslar xüsusi olaraq çoxluq təşkil edir ki, burada başlıca məqsəd təbliğatla yanaşı cəmiyyətə ədalət mühakiməsi və vəkillik institutu barəsində düzgün informasiyanın çatdırılmasıdır”.

“Hazırda “Kazusmedia” hüquq platformasının “Hüquqşünasa 7 sual” və “Hüquqşünasla müsahibə” adlı layihələri mövcuddur, lakin yaxın zamanlarda daha bir neçə müxtəlif səpkili layihə, xüsusilə azyaşlılar üçün hüquqi tanıtım izləyicilərə təqdim olunacaq və bu istiqamətdə artıq zəruri addımlar atılmaqdadır”, - Paşa Səfərov əlavə edib.

Oxşar xəbərlər