- 17:03
Sentyabrın 26-da Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Polisin inzibati fəaliyyətində hüquqi bilik və bacarıqların rolu” mövzusunda elmi-praktik seminar keçirilib.
E-huquq.az xəbər verir ki, xəşkil olunmuş seminarın məqsədi hüquq sahəsində elmi biliklərlə praktiki təcrübənin inteqrasiyası, eyni zamanda daxili işlər orqanlarının əməkdaşlarında və kursantlarda inzibati fəaliyyət sahəsində zəruri hüquqi bilik və bacarıqların inkişaf etdirilməsidir.
Seminarda iştirak edən Vəkillər Kollegiyasının Tədris Mərkəzinin direktoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları Vəkillər Kollegiyası Rəyasət Heyətinin rəhbərliyi adından salamlayıb və “Hüquqi maarifləndirmənin vətəndaş-dövlət münasibətlərində rolu” mövzusu üzrə çıxış edib. Qeyd olunub ki, hüquqi maarifləndirmə vətəndaşların hüquqi biliklərə yiyələnməsi, hüquq mədəniyyətinin inkişafı və hüquq pozuntularının qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir. Bu baxımdan, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının bu sahədəki fəaliyyəti xüsusi vurğulanmalıdır. Kollegiyanın üzvləri tərəfindən ölkə üzrə müxtəlif bölgələrdə maarifləndirici tədbirlər, seminarlar və ictimai görüşlər təşkil olunur. Son dövrlər Vəkillər Kollegiyası tərəfindən həyata keçirilən hüquqi maarifləndirmə tədbirləri vasitəsilə vətəndaşlara onların hüquq və vəzifələri izah edilir, bu istiqamətdə görülən işlər müvafiq praktiki hallar və statistik göstəricilər əsasında qiymətləndirilir.
Həmçinin elmi-praktik seminarda yeni nəşr olunmuş “İnzibati hüquq” və “İnzibati-prosessual hüquq” dərslikləri, eləcə də “Daxili işlər orqanlarının inzibati fəaliyyətində sənədləşdirmə” dərs vəsaitinin təqdimatı keçirilib, “Hüquqi maarifləndirmənin vətəndaş-dövlət münasibətlərində rolu”, “Dövlət idarəçilik orqanlarının inzibati fəaliyyətinin hüquqi tənzimlənməsi”, “İnzibati hüquq kontekstində müasir polisin geosiyasi çağırışları” mövzuları üzrə müzakirələr aparılıb.
Seminarda respublikanın müxtəlif ali təhsil və hüquq qurumlarını təmsil edən tanınmış alim və mütəxəssislər iştirak ediblər.
Tədbir interaktiv müzakirə formatında davam edib, iştirakçılar öz təcrübələrini bölüşüb, gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.