- 29 Sentyabr 14:35
"Keçmiş vəkil Ruhid Əkbərovla bağlı yerli media qurumunda yayımlanan xəbərdə səhvən mənim şəklim yerləşdirilib".
Bunu e-huquq.az-a müraciətində tanınmış vəkil Emin Məmmədov deyib. Vəkil belə bir halın daha əvvəl də baş verdiyini qeyd edib:
"Bir neçə il əvvəl sabiq vəkil Ruhid Əkbərovla bağlı media qurumlarında məlumat dərc olunmuşdu. Xəbər saytlarından biri yazıya səhvən mənim fotomu əlavə etmişdi. Həmin vaxt media qurumu ilə əlaqə saxladım və məsələni izah etdim. Onlar məndən üzrxahlıq edib təkzib yazısı paylaşdı. Hazırda həmin şəxslə bağlı başqa məsələ gündəmdədir. Təəssüf ki, oxu.az saytı dərc edilən xəbərə bu dəfə də yanlışlıqla mənim fotomu əlavə edib. Həmin vaxt da mən jurnalistlərdən belə həssas məsələlərdə diqqətli olmağı xahiş etdim”.
Vəkil bu halın onun peşəkar nüfuzuna zərbə vurduğunu bildirib:
"Bir daha jurnalistləri bu kimi həssas mövzularda məsuliyyətli və diqqətli olmağa, xəbəri yayımlamazdan öncə ətraflı araşdırma aparmağa çağırıram".
Şəbnəm Mehdizadə