- 10 Oktyabr 16:22
"Bu təşəbbüsün əsas məqsədi güclü, nüfuzlu və müstəqil vəkillik institutunun daha da möhkəmləndirilməsindən ibarətdir".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
"Dünən Milli Məclisdə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna dəyişiklik və əlavələrin edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi keçirildi. Hörmətli həmkarımız, millət vəkili Bəhruz Məhərrəmov qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin mahiyyəti barədə əhatəli və əsaslı məruzəsindən sonra deputatlar müzakirələr zamanı vəkillik fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı fikirlərini bildirdilər.
Çıxışımda vəkilliyin məhkəmə-hüquq sistemində yeri və rolu, sahəmizdə həyata keçirilən islahatlar, eləcə də müzakirə olunan məsələlərə dair mövqeyimizi qısa şəkildə təqdim etdim.
Həmçinin hörmətli spiker Sahibə xanım Qafarovaya plenar iclasda iştirak və çıxış etmək imkanı yaratdığına görə təşəkkürümü bildirdim. Xüsusilə vurğuladım ki, son illərdə məhz hörmətli Sahibə xanım Qafarovanın təşəbbüsü ilə ölkəmizin vəkilləri bölgələrdə vətəndaşlara pulsuz hüquqi yardım göstərilməsi üzrə 58 aksiya həyata keçiriblər.
Azərbaycan vəkillər korpusu, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından Prezident cənab İlham Əliyevin vəkillik haqqında qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmiş qanunvericilik təşəbbüsünə görə xüsusi minnətdarlığımızı ifadə etdim. Bu təşəbbüsün əsas məqsədi güclü, nüfuzlu və müstəqil vəkillik institutunun daha da möhkəmləndirilməsindən ibarətdir", sədr qeyd edib.
Qeyd edək ki, ötən gün Milli Məclisin plenar iclasında "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna dəyişiklik ilk oxunuşda qəbul edilib.
Şəbnəm Mehdizadə