- 10:40
"YouTube" platformasında yayımlanan “Kazusmedia” hüquq layihəsinin növbəti buraxılışı tamaşaçıların ixtiyarına təqdim olunub.
E-huquq.az xəbər verir ki, budəfəki buraxılışın qonağı Vəkillər Kollegiyasının üzvü, "De Fendo" Vəkil Bürosunun müdiri Arslan Mikayılov olub.
O, uzun illərin təcrübəsinə əsaslanaraq vəkillik fəaliyyətində qarşılaşdığı maraqlı hadisələr, bu peşənin məsuliyyət və çətinlikləri barədə ətraflı danışıb.
Həmçinin vəkil qeyd edib ki, bəzi hallarda insanları müdafiə etmək asan olmur, çünki hər bir işin arxasında fərqli talelər və mürəkkəb hüquqi vəziyyətlər dayanır.
Layihə qısa, dinamik və maarifləndirici formatı ilə seçilir. Veriliş zamanı qonağa hüquq sahəsinə dair aktual məsələlərdən tutmuş şəxsi baxışlarına qədər mövzuları əhatə edən 7 əsas sual ünvanlanır. Hər suala 1 dəqiqəlik cavab limiti verilməsi proqramı daha yığcam və izləyicilər üçün cəlbedici edir. Bu yanaşma həm hüquqşünasların fikirlərini konkret şəkildə ifadə etməsinə, həm də tamaşaçının diqqətini əsas məqamlarda cəmləməsinə imkan yaradır.
Arslan Mikayılov müsahibə zamanı vəkillik peşəsinin yalnız hüquqi bilik deyil, həm də insan psixologiyasını anlama bacarığı, ədalət hissi və yüksək mənəvi məsuliyyət tələb etdiyini vurğulayıb. O, hüquq sahəsindəki fəaliyyətini sadəcə iş kimi deyil, həm də cəmiyyətə xidmət forması kimi qiymətləndirdiyini bildirib.
Qeyd edək ki, “Hüquqşünasa 7 sual, 7 cavab” layihəsi hüquqşünasların şəxsi təcrübələrini, peşəyə baxışlarını və hüquqi mövqelərini ictimaiyyətə çatdırmaqla yanaşı, hüquqi maarifləndirmə missiyasını da həyata keçirir. Layihənin məqsədi cəmiyyətdə hüquq mədəniyyətini təşviq etmək, gənc hüquqşünaslarda motivasiyanı artırmaq və hüquqa olan marağı gücləndirməkdir.
Daha ətrafı videoda: