Vəkillərə “Deontologiya ayı” çərçivəsində növbəti təlimlər təşkil olunub - FOTO


  • 09:50

Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə Vəkillər Kollegiyasının Deontologiya Komitəsi ilə Mərkəz arasında əməkdaşlıq çərçivəsində növbəti təlimlər keçirilib.

E-huquq.az xəbər verir ki, oktyabrın 13-də “Vəkillik peşəsinə inamı sarsıdacaq hərəkət və davranışlar” mövzusunda distant formada keçirilən təlimdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun müdiri Ramiz İbrahimov təlimçi qismində çıxış edib.

Təlimdə vəkillik peşə etikasının pozulması, peşəyə etimad, etik prinsiplər, peşəkar etika və vəkillik kodeksi kimi müxtəlif məsələlər geniş təhlil olunub.

Oktyabrın 15-də təşkil olunan digər distant formalı təlimdə isə “Vəkilin göstərdiyi hüquqi yardımla bağlı ictimaiyyəti məlumatlandırmaq öhdəliyi” mövzusunda Vəkillər Kollegiyası İntizam Komissiyasının üzvü, "Mərkəz" Vəkil Bürosunun müdiri Gülşən Salmanova vəkilin məlumatlandırma öhdəliyi, məlumatların açıqlanması prinsipi, ictimai maraqlar, sosial şəbəkələrdə hüquqi məlumat və digər əlaqəli məsələlər barədə ətraflı çıxış edib.

Həmçinin oktyabrın 17-də aylıq çərçivəsində keçirilən digər distant formalı təlimdə isə Vəkillər Kollegiyası İntizam Komissiyasının üzvü, "Kredo" Vəkil Bürosunun müdiri Elvin Səlimov tərəfindən “Müştəri maraqları ilə peşə nüfuzunu qorumaq öhdəliyi arasında balansın qorunması” mövzusunda vəkil-müştəri münasibətləri, hüquqi maraqların balanslaşdırılması, etik prinsiplərin qorunması məsələləri müzakirə olunub.

Eyni zamanda təlimlərdə iştirak edən Vəkillər Kollegiyası Deontologiya Komitəsinin sədri, İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov təlim mövzularına dair təcrübəsini vəkillərlə paylaşıb.

Qeyd edək ki, təlimlərdə ümumilikdə Vəkillər Kollegiyasının 132 üzvü iştirak edib.

Oxşar xəbərlər