Vəkillər Kollegiyasının üzvlərinə növbəti ixtisasartırma təlimləri keçirilib - FOTO


  • 11:53

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə vəkillər üçün növbəti ixtisasartırma təlimləri keçirilib.

E-hquuq.az xəbər verir ki, oktyabrın 15-də distant qaydada keçirilən təlimdə VK üzvü Anar Məmişov təlimçi qismində çıxış edib.

Təlimdə mülki mühakimə icraatının əsas əlamətləri, mülki mühakimə icraatının cinayət və inzibati mühakimə icraatından oxşar və fərqli cəhətlərinin qarşılıqlı tədqiqi, mülki mühakimə icraatı ilə bağlı beynəlxalq yanaşma, subyektiv hüquq və cavabdehin subyektiv vəzifəsi, mülki mühakimə icraatında iddianın əsası və predmeti, məhkəmənin iddia tələbindən kənara çıxmasının mümkün olduğu hallar, iddia tələbinin həcminin dəyişdirilməsi, əqdlərin mübahisələndirilməsi və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Oktyabrın 17-də isə distant qaydada təşkil olunan digər təlimdə Kollegiyanın üzvü, Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı təlimçi qismində çıxış edib.

Təlimdə işgəncə cinayəti ilə bağlı aktual məsələlər, Avropa İnsan Hüquqları Məhkəməsinin işgəncə ilə bağlı qərarları, pis rəftarın və işgəncənin anlayışları, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulan işgəncələrin qadağan olunması aspektləri və digər məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.

Hər iki təlimin sonunda təlimçilər tərəfindən dinləyicilərin sualları dinlənilib.

Təlimlərdə VK-nın ümumilikdə 66 üzvü iştirak edib.

Oxşar xəbərlər