Anar Bağırov: "Regionumuzda arbitraj ənənəsi nisbətən yenidir, inkişafın davamlılığı üçün üç əsas istiqamət vacibdir"


  • 10:37

"Qeyd olunmalıdır ki, arbitrajın səmərəli işləməsi və inkişafı üçün hüquqi biliklərlə paralel etimad, şəffaflıq və hüquq mədəniyyəti də tələb olunur"

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov Bakı Arbitraj Mərkəzinin açılış mərasiminə həsr olunmuş beynəlxalq konfransında deyib.

Sədr bildirib ki, regionumuzda arbitraj ənənəsi nisbətən yenidir, lakin sürətlə inkişaf edir: "Zənnimcə bu inkişafın davamlılığı üçün üç əsas istiqamət vacibdir: hüquqi baza, peşəkar kadrlar və ictimai etimad.
İlk növbədə, arbitrajla bağlı mütərəqqi hüquqi çərçivənin yaradılması və inkişafına toxunmaq istərdim. Arbitraj insitutunu inkişaf etdirmək istəyən hər bir dövlət ilk növbədə daxili qanunvericiliyini, xüsusilə arbitraj və investisiya qanunvericiliyini formalaşdırır, əlavə olaraq da konvensiyalar və digər beynəlxalq alətlər vasitəsilə onun tanınmasını təmin edir. Bununla da investorların qeyd etdiyim sərbəst seçimlərini dəstəkləmiş olurlar.
Azərbaycan Respublikası da apardığı investisiya siyasətinə uyğun olaraq həm məhkəmə sisteminə aid, həm də mübahisələrin alternativ həlli yollarına dair daxili qanunvericiliyini mütəmadi olaraq təkmilləşdirir. Belə ki, Beynəlxalq Kommersiya Arbitrajı haqqında BMT-nin Model Qanunu əsasında hazırlan “Arbitraj haqqında" Qanunun qəbulu, eyni zamanda da Nyu-York Konvensiyası və Xarici ticarət arbitrajı haqqında Avropa Konvensiyası kimi vacib beynəlxalq alətlərə qoşularaq ölkəmizdə mütərəqqi hüquqi çərçivə yaratmışdır. Amma qeyd olunanlarla belə arbitraj qərarlarının tanınması və icrası ilə bağlı qanunvericilikdə boşluqlar və praktiki çətinliklər mövcuddur. Bu sahədə ölkəmizin hüquq ictimaiyytinin arbitraj dostu, yəni pro-arbitration yanaşmasını dəstəkləməsi mühüm önəm daşıyır".

Anar Bağırovun sölərinə görə, ikinci əsas məsələ peşəkar kadrların hazırlanmasıdır: "Arbitraj yalnız hüquqi mexanizm deyil, eyni zamanda yüksək ixtisaslı kadrlar tələb edən bir müstəvidir. Arbitraj prosesinin uğurlu olması bu prosesdə birbaşa iştirak edən vəkillərin, hüquqşünasların, arbitrlərin bilik və bacarıqlarındanasılıdır. Ona görə də, bu istiqamətdə ixtisaslaşma və ixtisasartırma, beynəlxalq təcrübə mübadiləsi və tədris proqramlarının təşkili mühüm əhəmiyyət kəsb edir. Dünən hörmətli Kəmalə xanım tərəfindən təqdim edilən Bakı Arbitraj Mərkəzinin kitabçası bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Kitabçada istifadə olunan Beynəlxalq Vəkillər Kollegiyasının müvafiq təlimatları arbitraj sahəsində vəkillərin və onların peşə birliklərinin əhəmiyyətini bir daha göstərir. Həmçinin ölkəmizin Mülki Prosessual qanunvericiliyinə əsasən, xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. Ölkəmizdə isə keyfiyyətli hüquqi yardım vəkillər tərəfindən həyata keçirilir. Məhz arbitarj işlərində, yekun arbitraj qərarının tanınması və icrası ilə bağlı prosesdə də vəkillər mühüm rol oynayır. Vurğulamaq istərdim ki, bu gün ölkədə vəkillərin sayı 2018-ci ilə nisbətən 3 dəfədən çox artaraq 2700-dən çoxdur".

"Üçüncü istiqamət isə ictimai etimadın formalaşdırılması ilə bağlıdır. Arbitrajın uğuru onun hüquq mədəniyyətinin bir hissəsinə çevrilməsindən aslıdır. Biznes ictimaiyyəti, sahibkarlar, hətta vətəndaşlar anlamalıdırlar ki, arbitraj mübahisənin ədalətli və etibarlı həllinin bir formasıdır. Bu sahədə biz vəkillərin üzərinə böyük məsuliyyət düşür, çünki cəmiyyətlə hüquq institutlar arasında körpü rolunu məhz vəkillər oynayır. Vəkillik peşəsi yalnız məhkəmələrdə və digər hüquq mühafizə orqanlarında hüquqi müdafiə ilə məhdudlaşmır, bu gün vəkillər həm də arbitraj proseslərində, beynəlxalq hüquqi tribunalarda ədalətin əsas təminatçılarından biri kimi çıxış edirlər", - sədr əlavə edib.

Oxşar xəbərlər