- 10:45
"Bu gün biz hüququn və ədalət mühakiməsinin yeni bir dövründə yaşayırıq. Texnologiyanın, süni intellektin və rəqəmsal iqtisadiyyatın sürətli inkişafı hüquq münasibətlərinin mahiyyətini dəyişir".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov Bakı Arbitraj Mərkəzinin açılış mərasiminə həsr olunmuş beynəlxalq konfransında deyib.
Sədr qeyd edib ki, elektron müqavilələr, onlayn ticarət, kriptovalyuta, transsərhəd investisiyalar və beynəlxalq kommersiya münasibətləri arbitraj institutunun qarşısında yeni və mürəkkəb çağırışlar yaradır: "Bu dəyişikliklər fonunda vəkillərin rolu da yenidən formalaşır. Müasir vəkillik artıq yalnız hüquq biliklərinə sahib olmaqla kifayətlənməməli, onlayın beynəlxalq ticarətvə onun hüquqi aspektləri, arbitraj mexanizmlərini dərindən bilməlidir. Yaxın gələcəkdə biz arbitraj üzrə ixtisaslaşdırılmış tədris proqramının hazırlanmasını planlaşdırırıq. Bu proqramın hazırlanmasında Kollegiya həm Bakı Arbitraj Mərkəzi, həm də Azərbaycan Arbitraj Assosasiyası ilə sıx əməkdaşlıq etməyə hazırdır. Zənnimcə bu əməkdaşlıq nəticəsində bayaq qeyd etdiyim pro-arbitration, yəni arbitraj dostu yanaşmasının inkişafına əsaslı töhfələr vermək olar".
"Vəkillər Kollegiyası olaraq biz arbitrajın mübahisələrin alternativ həlli kimi inkişafının tam tərəfdarıyıq və arbitrajın inkişafı üçün əlimizdən gələni etməyə hər zaman hazırıq", - sədr əlavə edib.