- 11:33
Oktyabrın 25-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Beynəlxalq əməliyyatlar zamanı vergitutma. İkiqat vergitutmanın aradan qaldırılması sazişləri" mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələləri qeyd edib. Qeyd olunub ki, beynəlxalq əməliyyatlar zamanı vergitutma prosesi qlobal iqtisadiyyatın effektivliyinin təmin olunmasında əsas hüquqi məsələlərdəndir.
Həmçinin “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalının yeni - “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş xüsusi buraxılışı iştirakçılara təqdim olunub, jurnalın elmi əhəmiyyəti onların diqqətinə çatdırılıb.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, “Acon Tax & Accounting” şirkətinin həmtəsisçisi və vergi meneceri Könül Bədəlova rezident və qeyri-rezident anlayışları, rezident anlayışı ilə əhatə edilməyən digər şəxslər, qeyri-rezidentin əlavə dəyər vergisinə cəlb edilməsi, ikiqat vergitutmanın aradan qaldırılması sazişləri, o cümlədən ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı DTA formaları və digər əlaqəli məsələlər barədə geniş çıxış edib.
Təlim interaktiv formada davam edib, vəkillərin müvafiq sahədə çoxsaylı sualları ətraflı cavablandırılıb.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 34 üzvü iştirak edib.