Vəkillər deputatların təşəbbüsü ilə pulsuz hüquqi yardım göstəriblər - FOTO


  • 11:25

"Konstitusiya və Suverenlik İli", habelə "Uşaq Hüquqları Aylığı" çərçivəsində Milli Məclis ilə Vəkillər Kollegiyasının (VK) birgə əməkdaşlığı əsasında aztəminatlı və sosial həssas qruplardan olan şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi məqsədilə regionlarda sosial-hüquqi aksiyalar təşkil olunub.

E-huquq.az xəbər verir ki, oktyabrın 27-28-də Qax rayonu Heydər Əliyev Mərkəzində Milli Məclisin deputatı Əli Məsimlinin, Ağdaş rayonu Heydər Əliyev Mərkəzində deputat Sahib Alıyevin, Şabran rayonu Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasında isə deputat Mahir Süleymanlının təşəbbüsü və VK-nın dəstəyi ilə növbəti hüquqi maarifləndirmə aksiyaları keçirilib.

Aksiyalarda Zaqatala rayon Vəkil Bürosunun, Ağdaş rayon Vəkil Bürosunun və Şabran rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillərin iştirakı ilə 40-a yaxın vətəndaşa pulsuz hüquqi yardım göstərilib. Vəkillər tərəfindən müxtəlif hüquq sahələri üzrə məsləhətlər verilib, vətəndaşların müraciətləri dinlənilib, hər bir məsələyə fərdi yanaşma nümayiş etdirilərək aidiyyəti üzrə istiqamətləndirmələr aparılıb.

Müraciətlərin əsas hissəsi inzibati işlər, mülkiyyət hüququnun qorunması, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbləri və digər sosial xarakterli məsələlərlə bağlı olub.

Oxşar xəbərlər