- 1 Noyabr 15:12
2025-ci il oktyabrın 29–31-də Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Kaşı şəhərində “Çin (Kaşı) Mərkəzi və Cənubi Asiya – Hüququn aliliyi 2025” adlı beynəlxalq forum keçirilib.
Azərbaycanın Vəkillər Kollegiyasından e-huquq.az-a verilən xəbərə görə, tədbir Sincan-Uyğur Muxtar Rayonunun Hüquq Cəmiyyəti, Çinin Quanqdong Əyalətinin Hüquq Cəmiyyəti və Çin Hüquq Cəmiyyəti Hüquqi Mübadilə Mərkəzi tərəfindən təşkil olunub.
Forumda Azərbaycan Respublikası Vəkillər Kollegiyasını (VK) qurumun Rəyasət Heyətinin üzvü Elçin Usub və VK-nın Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Gözəl Hüseynzadə təmsil ediblər. Həmçinin mərasimə bir sıra ölkələrin vəkil qurumlarının, məhkəmə və prokurorluq orqanlarının, eləcə də akademik dairələrin nümayəndələri qatılıb.
Forumun məqsədi Cənubi və Mərkəzi Asiya ölkələri arasında hüquqi əməkdaşlığın dərinləşdirilməsi, “Bir kəmər, bir yol” təşəbbüsünün yüksək keyfiyyətli birgə həyata keçirilməsinə xidmət etməkdir.
Mərasimdə çıxış edən Elçin Usub “Bir kəmər, bir yol” təşəbbüsü üçün inteqrasiya olunmuş mübahisələrin qarşısının alınması və həlli mexanizminin yaradılması” mövzusunda çıxış edərək forumun əhəmiyyətini vurğulayıb.
O bildirib ki, Bakı–Tbilisi–Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi iri layihələr Azərbaycanın və bütövlükdə “Bir kəmər, bir yol” təşəbbüsünün inkişafında mühüm rol oynayır. Azərbaycan qanunvericiliyi və ölkəmizin qoşulduğu beynəlxalq sazişlərin investorların hüquqlarını qoruması, Ələt Azad İqtisadi Zonasının və Sənaye Parklarının fəaliyyətinin isə bu baxımdan xarici investisiyalar üçün əlverişli şərait yaratması tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Çıxışının davamında Elçin Usub Azərbaycanın regiondakı tranzit imkanları, beynəlxalq hüquqi tənzimləmələrdəki rolu barədə məlumat verib. Yarana biləcək mübahisələrin alternativ həlli mexanizmlərindən biri olan arbitrajın Azərbaycanda inkişafının vacib bir addımı kimi 24-25 oktyabrda Bakı Artitraj Mərkəzinin açılışı xəbəri tədbir iştirakçılarına çatdırılıb.
Eyni zamanda, Rəyasət Heyətinin üzvü “Bir kəmər, bir yol” layihələrinin davamlı və səmərəli icrası üçün ortaq mexanizmlərin yaradılmasının vacibliyini vurğulayıb və VK-nın gələcəkdə də bu sahədə olan tədbirlərə yardım etməyə hazır olduğu bildirib.
Səfər çərçivəsində VK-nın nümayəndə heyətinin üzvləri Çin Hüquq Cəmiyyətinin vitse-prezidenti Vang Hongxiang ilə görüş keçirib. Görüşdə gələcək əməkdaşlıq perspektivləri, hüquqi əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Bundan başqa, nümayəndə heyətinin üzvləri Sincan-Uyğur Muxtar Rayonunun Hüquq Cəmiyyətinin rəhbəri ilə də görüşərək yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Forum çərçivəsində iştirakçılar arasında qarşılıqlı hədiyyələr təqdim olunub, rəsmi ziyafət və şəhər gəzintisi təşkil edilib.






