- 12:04
 
                    
            Noyabrın 1-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Uşaq Hüquqları Aylığı" çərçivəsində "Beynəlxalq Əmək Təşkilatının təcrübəsi və məhkəmə praktikasında tətbiqi" mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələləri qeyd edib. Qeyd olunub ki, qloballaşma və əmək münasibətlərinin beynəlxalq xarakter alması şəraitində Beynəlxalq Əmək Təşkilatının standartlarının milli qanunvericilikdə və məhkəmə praktikasında tətbiqi mühüm əhəmiyyət kəsb edir. Bu, əmək hüquqlarının qorunması və sosial ədalətin təmin olunmasında son dərəcə aktuallıq daşıyır.
Həmçinin “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalının yeni - “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş xüsusi buraxılışı iştirakçılara təqdim olunub, jurnalın elmi-hüquqi əhəmiyyəti onların diqqətinə çatdırılıb.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, “Sahibkarların Hüquqi və İqtisadi Maarifləndirməsi” İctimai Birliyinin sədri, Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Fərhad Səttarov beynəlxalq əmək standartlarının milli qanunvericilikdə tətbiqi, əmək hüquqlarının təminində beynəlxalq institutların rolu, məhkəmə orqanlarının beynəlxalq əmək standartlarına istinad təcrübəsi və digər praktiki məsələlər barədə ətraflı çıxış edib.
Sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 21 üzvü iştirak edib.