Vəkillər deputatların təşəbbüsü ilə daha üç rayonda vətəndaşlara pulsuz hüquqi yardım göstəriblər - FOTO


  • 18:55

"Konstitusiya və Suverenlik İli" çərçivəsində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Milli Məclis və Vəkillər Kollegiyasının (VK) birgə təşəbbüsü ilə aztəminatlı və sosial həssas qruplardan olan şəxslərə pulsuz hüquqi yardım göstərilməsi məqsədilə regionlarda növbəti sosial-hüquqi aksiyalar keçirilib.

Vəkillər Kollegiyasından e-huquq.az-a verilən xəbərə görə, 2025-ci il 6-7 noyabr tarixlərində təşkil olunan aksiyalar çərçivəsində Quba, Zərdab və Lənkəran rayonlarında vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi təşkil olunub.

Belə ki, Quba şəhərində Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadənin, Zərdab rayon Heydər Əliyev Mərkəzində deputat Jalə Əliyevanın, Lənkəran şəhəri Qəni Vəliyev adına Mədəniyyət Evində isə deputat Fariz İsmayılzadənin təşəbbüsü və VK-nın dəstəyi ilə vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi təmin edilib.

Aksiyalarda Quba, Ağcabədi və Lənkəran rayon Vəkil bürolarının vəkilləri tərəfindən ümumilikdə 40-dan çox vətəndaşa müxtəlif hüquq sahələri üzrə pulsuz hüquqi yardım göstərilib.

Vətəndaşlara inzibati işlər, mülkiyyət hüquqlarının müdafiəsi, torpaq mübahisələri, aliment tələbləri, əlilliyin təyin olunması və digər sosial xarakterli məsələlər üzrə hüquqi məsləhətlər verilib, müraciətlər fərdi qaydada araşdırılaraq aidiyyəti qurumlara yönləndirilib.

Oxşar xəbərlər