- 13:02
"Süni intellekt modelinin hansı hüquqi məlumatlar əsasında öyrədilməsi vacibdir"
E-huquq.az xəbər verir ki, bunu Kibertəhlükəsizlik və texnologiya hüququ üzrə ekspert, ADA Universitetinin Hüquq fakültəsinin müəllimi Orxan Əbdülkərimli Bakıda keçirilən Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransı çərçivəsində baş tutan "Hüquq praktikasında və məhkəmə sistemində süni intellekt" adlı panel sessiyada deyib:
Ekspert bildirib ki, süni intellektin dil baxımından səlis və ardıcıl nəticələr təqdim etməsi modelin riyazi ehtimallarına və statistik göstəricilərinə əsaslanır.
Onun sözlərinə görə, böyük dil modelləri hüquqi sənədlərdən və mətnlərdən əldə edilən, tokenlərə bölünərək emal olunan və təlim prosesində istifadə edilən ədədi təsvirlər əsasında qurulur.
O.Əbdülkərimli qeyd edib ki, süni intellekt məhsullarını qiymətləndirərkən onların təqdimatına diqqətlə yanaşmaq lazımdır: "Belə məhsulların səlis danışmaq, istifadəsinin asan olması, uzun və ardıcıl mətnlər yaratmaq kimi xüsusiyyətləri istifadəçilərdə müsbət təəssürat yarada bilər. Lakin məhsulun texniki xüsusiyyətlərini araşdırarkən onun hansı hüquqi mətnlər və məlumatlar əsasında öyrədildiyi əsas suallardan biri olmalıdır".
Ekspert vurğulayıb ki, süni intellekt modelinin Azərbaycan qanunvericiliyi, Avropa İttifaqının hüququ, ABŞ qanunvericiliyi və ya başqa ölkənin hüquq sistemi əsasında öyrədilməsi məsələsi xüsusi əhəmiyyət daşıyır.
Onun fikrincə, bu məsələ Azərbaycan kimi hüquq yurisdiksiyası nisbətən kiçik olan ölkələr üçün müəyyən çətinliklər yaradır. Belə ki, bir çox iri korporativ və süni intellekt şirkətləri öz modellərini Azərbaycan qanunvericiliyinə aid məlumatlar əsasında öyrətmirlər.
Şəbnəm Mehdizadə