Vəkillərin hakimlər, prokurorlar, müstəntiqlərlə qeyri-prosessual münasibətlərinə demək olar ki, son qoyulub


  • 16 Yanvar 2021 00:10

Azərbaycan vəkilliyi son 3 ildə həqiqətən də böyük inkişaf və intihab dövrü yaşayır.

Dünyanın heç bir ölkəsində vəkillik təsisatlarının qazana bilmədiyi uğurlara imza atmışıq. Dövlətimizin, Cənab Prezidentimizin vəkilliyə qayğısı insan hüquq və azadlıqlarına hörməti ifadə edir. Biz bu qayğını daima hiss edirik. Vəkillik təsisatımıza rəhbərlik edən hörmətıi sədrimiz Anar Bağırov sözün əsil mənasında öz dövlətini, xalqını, peşəsini, vəkilliyi və hər bir vəkili sevən, böyük coşqulu və əməksevər bir insandır. Əlbəttə, hər bir təsisata hörmət, onun öz içindən qaynaqlanmalıdır. Bu gün Vəkillər Kollegiyasında əsl birlik, bir-birinə qayğı, diqqət, hörmət və vəkillik peşəsinə sevgi hökm sürür. Bütün hüquq-mühafizə orqanları vəkilliyə böyük ehtiram, hətta həsədlə yanaşır. Bu bizim birliyimizin və işini bilən, sevən rəhbərin qurduğu komanda işinin nəticəsidir.

Amalımız - vətəndaşlarımıza keyfiyyətli hüquqi yardımı təmin etmək sayəsində dövlətin üzərinə götürdüyü vəzifəni icra etməkdir. Bəli, hər bir vətəndaşın keyfiyyətli hüquqi yardım almaq hüququ onun Konstitutsiya hüququdur və dövlət bu vəzifəni biz vəkillər vasitəsilə icra edir. Biz bu müqəddəs rolumuzun əhəmiyyətini və məsuliyyətini yaxşı dərk edirik. Hər bir vəkilimiz məsliyyətli və peşəkardır.

Vəkillər Kollegiyası hər bir vəkilin fərdi məsuliyyətinin və peşəkarlığının artırılması sahəsində konkret əməli tədbirlər görür. Biz ədalət mühakiməsinin yardımçılarıyıq, ədalət mühakiməsinə xidmət edirik. Məhz vəkillər ədalət mühakimə icraatına nəzarət edir, nöqsanları aşkarlayır, yuxarı instansiyaların nəzərinə çatdırır.

Vəkillər Kollegiyası rəhbərliyinin əməli tədbirləri nəticəsində cənab Prezidentimizin 03 aprel 2019-cu il tarixli sərəncamından irəli gələn, üzərimizə düşən vəzifələr layiqincə icra edilir. Dövlət hesabına göstərilən hüquqi yardımın keyfiyyəti xeyli yaxşılaşdırılmış(hətta bu hüquqi yardım üçün dövlət büdcəsindən ayrılan vəsaitə xeyli qənaət edilmişdir), vəkillərin hakimlər, prokurorlar, müstəntiqlər və sair ilə qeyri-prosessual münasibətlərinə demək olar ki,son qoyulmuş, vəkillərin sayı vəkilliyə gələn peşəkar hüquqşünaslar hesabına 3 dəfəyədək artırılaraq 1800-ü keçmiş, ən ucqar rayonlarımızda belə vəkil yardımı əlçatan olmuş, vəkil bürolarının sayı dəfələrlə artırılmış, həm də bu bürolarda ən yüksək iş şəraiti yaradılmış, vəkillik hüquqşünaslar yetişdirən təhsil müəssisələri, hüquq mühafizə orqanları, beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir.

Vəkillik qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində çox ciddi töhfələr verməkdədir. Vəkillik mübahisələrin effektiv həlli istiqamətində həyata keçirilən islahat kimi Mediasiya institunun yaradılmasında və inkişafında aparıcı qüvvədir. Vəkillik dövlətlə xalqın arasında körpüyə çevrilmiş, dövlətin xalqa töhfəsini, diqqət və qayğısını reallaşdırır. Bu müqəddəs vəzifənin icrası üçün bu gün vəkillərimiz ən mükəmməl alət və vasitələrlə silahlanır, bütün gücümüz müdafiə mexanizminin təkmilləşdirilməsinə yönəlmişdir. Bu sahədə görülən işləri saymaqla bitmir. Əlbəttə, görəcəyimiz işlər də çoxdur.

Vətəndaşlarımız əmin olsunlar ki, hüquqlarının müdafiəsi etibarlı əllərdədir. İnsan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində dövlətimizin həyata keçirdiyi hüquqi islahatlar öz töhfəsini verməkdədir.

İlhamə Həsənova

Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədr müavini, vəkil

Oxşar xəbərlər