- 17:31
Xülasə. Məqalədə tibbi xidmət zamanı yaranan risklər, həkimlərin və tibb müəssisələrinin hüquqi məsuliyyətinin əsasları, eləcə də pasiyent hüquqlarının müdafiəsi məsələləri kompleks şəkildə araşdırılır. Tibbi müdaxilə nəticəsində baş verən arzuolunmaz hallarla peşə səhlənkarlığı və təşkilati nöqsanlar arasında hüquqi fərqlər təhlil edilir. Xüsusilə pasiyentin məlumatlandırılmış razılığı, tibbi xidmətin keyfiyyəti, vurulmuş zərərin müəyyən edilməsi, səbəbli əlaqənin sübut olunması və məsuliyyətin həkimlə tibb müəssisəsi arasında bölüşdürülməsi məsələlərinə diqqət yetirilir. Azərbaycan Respublikasının qanunvericiliyi Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarları, habelə Almaniya, Türkiyə, Rusiya və digər ölkələrin hüquqi doktrinası ilə müqayisəli şəkildə tədqiq olunur. Aparılan təhlil əsasında tibbi xidmət sahəsində hüquqi məsuliyyətin müəyyən edilməsinə və risklərin idarə olunmasına dair təkliflər irəli sürülür. Əsaslandırılır ki, tibbi müdaxilənin arzuolunmaz nəticəsi özlüyündə həkimin təqsirini təsdiq etmir. Bununla yanaşı, tibbi xidmətin təşkilində, pasiyentin məlumatlandırılmasında və tibbi sənədləşmədə yol verilmiş nöqsanlar da müstəqil hüquqi qiymətləndirmə tələb edir.
Açar sözlər: tibbi hüquq, pasiyent hüquqları, tibbi xidmət, həkimin hüquqi məsuliyyəti, tibb müəssisəsinin məsuliyyəti, tibbi səhlənkarlıq, məlumatlandırılmış razılıq, səbəbli əlaqə, sübutetmə, məhkəmə təcrübəsi.
Tibbi xidmətin hüquqi mahiyyəti ondan ibarətdir ki, həkimin peşə fəaliyyəti yalnız müalicənin nəticəsinə görə deyil, ilk növbədə tibbi müdaxilənin müəyyən edilmiş peşə standartlarına uyğunluğu, qərarların əsaslandırılması və zəruri ehtiyat tədbirlərinin görülməsi baxımından qiymətləndirilir. Belə ki, tibbi müdaxilədən sonra yaranan mənfi nəticə müxtəlif səbəblərdən yarana bilər. Bunlara xəstəliyin təbii inkişafı, müasir tibbin imkanları daxilində qarşısının alınması mümkün olmayan ağırlaşmalar, diaqnostika və müalicə prosesində yol verilmiş peşə nöqsanları, eləcə də tibb müəssisəsinin fəaliyyətinin təşkilindəki çatışmazlıqlar daxildir. Hüquqi baxımdan fərqli xarakter daşıyan bu halların hamısının ümumi şəkildə “tibbi səhv” kimi qiymətləndirilməsi məsuliyyətin əsaslarının düzgün müəyyən edilməsinə mane ola bilər. Alman hüquqşünası Dieter Giesen tibbi məsuliyyətə dair müqayisəli tədqiqatlarında göstərir ki, tibbi xidmət münasibətlərinin hüquqi xarakterindən asılı olaraq müqavilə və delikt məsuliyyəti fərqli hüquqi funksiyalar yerinə yetirir. Bu baxımdan əsas məsələ yalnız pasiyentə zərərin vurulması faktını müəyyən etmək deyil, həmin zərərin konkret hüquqi və ya peşə öhdəliyinin pozulması ilə səbəbli əlaqəsinin olub-olmadığını araşdırmaqdır.
Tədqiqatın elmi əsası ondan ibarətdir ki, tibbi xidmət sahəsində yaranan hüquqi mübahisələrin obyektiv həlli üçün məsuliyyət yalnız həkimin fərdi təqsiri əsasında deyil, bir-biri ilə əlaqəli üç istiqamətdə qiymətləndirilməlidir. Birinci istiqamət həkimin diaqnostika və müalicə zamanı peşə standartlarına riayət etməsini, ikinci istiqamət tibb müəssisəsinin təhlükəsiz və keyfiyyətli tibbi xidmət üçün zəruri təşkilati şəraiti təmin etmək öhdəliyini, üçüncü istiqamət isə pasiyentin məlumat almaq, müalicə barədə sərbəst qərar vermək və tibbi müdaxiləyə məlumatlandırılmış razılıq bildirmək hüquqlarının qorunmasını əhatə edir.
Araşdırmada Azərbaycan Respublikası qanunvericiliyinin sistemli hüquqi təhlili, Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarlarında formalaşmış hüquqi mövqelərin öyrənilməsi və Almaniya hüququ ilə müqayisəli təhlil metodlarından istifadə olunur. Məqalədə nəzərdən keçirilən nəzəri-hüquqi nümunələr konkret normaların tətbiqini izah etmək məqsədilə hazırlanmış situasiyalardır.
Azərbaycan Respublikasında tibbi xidmət sahəsində hüquqi məsuliyyətin müəyyən edilməsi mülki, cinayət və səhiyyə qanunvericiliyinin qarşılıqlı əlaqədə təhlilini tələb edir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun pasiyent hüquqlarına, tibbi müdaxilənin həyata keçirilməsinə və tibb işçilərinin məsuliyyətinə dair müddəaları, Mülki Məcəllənin 1096–1099-cu maddələri, eləcə də Cinayət Məcəlləsinin 3 və 142-ci maddələri tibbi fəaliyyət zamanı baş verən hüquq pozuntularının müxtəlif məsuliyyət əsaslarını tənzimləyir. Onların tətbiqi hüquq pozuntusunun xarakterindən, nəticəsindən və məsuliyyət subyektinin statusundan asılıdır. Buna görə də tibbi xidmət zamanı pasiyentə vurulmuş zərərin hüquqi qiymətləndirilməsi yalnız mənfi nəticənin mövcudluğuna deyil, konkret hüquqi öhdəliyin pozulmasına və həmin pozuntunun doğurduğu nəticələrə əsaslanmalıdır.

Tibbi xidmətlə bağlı mülki-hüquqi mübahisələrin araşdırılması zamanı, ilk növbədə, pasiyentlə tibb müəssisəsi arasında yaranmış hüquq münasibətinin xarakteri müəyyən edilməlidir. Müqavilə münasibətlərinin mövcudluğu, tibbi xidmətin məzmunu, tərəflərin hüquq və vəzifələri, həkimin peşə öhdəliklərinin həcmi, hüquqazidd davranış, vurulmuş zərər və səbəbli əlaqə müvafiq məsuliyyət əsasının tələbləri nəzərə alınmaqla qiymətləndirilməlidir. tibbi müdaxilənin gözlənilən nəticəni verməməsi özlüyündə müqavilə öhdəliyinin pozulduğunu və ya həkimin təqsirli olduğunu təsdiq etmir. Bununla belə, müqavilədə konkret nəticəyə dair ayrıca öhdəliyin götürülməsi və ya pasiyentə müəyyən təminatın verilməsi halları ayrıca qiymətləndirilməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsində nəzərdə tutulan işəgötürənin məsuliyyəti, qanunla müəyyən edilmiş şərtlər daxilində, işçinin əmək vəzifələrinin icrası zamanı törətdiyi delikt nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini əhatə edir. Lakin tibb müəssisəsinin məsuliyyəti yalnız onun işçilərinin hərəkətləri ilə məhdudlaşmır. Müəssisənin özünün müqavilə və təşkilati öhdəliklərini pozması da müstəqil məsuliyyət əsası yarada bilər. Tibbi avadanlığın təhlükəsiz istismarının təmin edilməməsi, ixtisaslı personalın fəaliyyətinin düzgün təşkil olunmaması, pasiyentlərin vəziyyətinə nəzarət mexanizmlərində çatışmazlıqlar və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün zəruri şəraitin yaradılmaması belə pozuntulara nümunə ola bilər. Belə hallarda pozuntu ilə zərər arasındakı əlaqə də araşdırılmalıdır.
tibb müəssisəsinin hüquqi şəxs kimi mülki məsuliyyətinin yaranması onun direktorunun, baş həkiminin və ya digər rəhbər şəxslərinin avtomatik olaraq fərdi, o cümlədən cinayət məsuliyyətinə cəlb edilməsinə əsas vermir. Rəhbər vəzifəli şəxsin məsuliyyəti onun konkret səlahiyyətlərindən, qanunla və vəzifə təlimatları ilə müəyyən edilmiş öhdəliklərindən, qəbul etdiyi qərarlardan, yol verdiyi hərəkət və ya hərəkətsizlikdən və bunların hüquqi nəticələrindən asılı olaraq müəyyən edilməlidir.
Tibbi xidmət sahəsində cinayət məsuliyyətinin yaranması isə daha ciddi hüquqi şərtlərə tabedir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsi tibbi xidmətin göstərilməsi qaydalarının pozulmasına görə məsuliyyətin əsaslarını müəyyən edir. Həmin maddənin 142.1-ci hissəsinə əsasən, qanuna və ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə borclu olan tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi, yaxud işə vicdansız və ya laqeyd münasibəti nəticəsində peşə vəzifələrini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti yaranır. Maddənin 142.2-ci hissəsində isə müvafiq tibbi təhsil və qüvvədə olan sertifikasiya tələblərinə uyğun olmayan şəxslər tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsi, tibb işçisinin ixtisasına uyğun olmayan xidmət göstərməsi, habelə qanunla müəyyən edilmiş fəaliyyət hüdudlarından kənara çıxılması nəticəsində sağlamlığa ehtiyatsızlıqdan az ağır zərər vurulması ayrıca cinayət tərkibi kimi nəzərdə tutulmuşdur.
Qanunverici tibbi xidmət qaydalarının pozulmasının nəticələrini onların ağırlıq dərəcəsinə görə fərqləndirmişdir. Cinayət Məcəlləsinin 142.3-cü maddəsi sağlamlığa ehtiyatsızlıqdan ağır zərər vurulmasını, 142.4-cü maddəsi bir şəxsin ölümünü, 142.5-ci maddəsi isə iki və daha çox şəxsin ölümünü daha ağır cinayət-hüquqi nəticələrə səbəb olan hallar kimi müəyyən edir. Bununla belə, pasiyentin sağlamlığına ağır zərər vurulması və ya ölümünün baş verməsi tibb işçisinin cinayət törətdiyini özlüyündə sübut etmir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, cinayət məsuliyyətinin yaranması üçün törədilmiş əməldə qanunla nəzərdə tutulmuş cinayət tərkibinin bütün zəruri əlamətləri mövcud olmalıdır. Bu səbəbdən tibb işçisinin üzərinə konkret hüquqi və ya peşə öhdəliyinin qoyulması, həmin öhdəliyin pozulması, əməlin obyektiv və subyektiv əlamətləri, təqsirin forması və hüquqazidd davranışla baş vermiş nəticə arasında səbəbli əlaqə hərtərəfli araşdırılmalıdır.
Bu məsələnin hüquqi şərhində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 aprel 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” Qərarı mühüm əhəmiyyət daşıyır. Həmin qərarda Konstitusiya Məhkəməsi tibbi yardımın göstərilməməsi ilə bağlı cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərini, xüsusilə təqsirin formasını və səbəbli əlaqənin müəyyən edilməsini təhlil etmişdir. Məhkəmənin hüquqi mövqeyinə əsasən, tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi nəticəsində sağlamlığa az ağır, ağır zərər vurulması və ya ölümün baş verməsi ilə bağlı həmin dövrdə qüvvədə olmuş 142-ci maddədə nəzərdə tutulan cinayət təqsirin ehtiyatsızlıq formasında törədilən əməl kimi qiymətləndirilmişdir. Konstitusiya Məhkəməsi, həmçinin, tibb işçisinin faktiki olaraq tibbi yardım göstərmək imkanının mövcudluğunun, onun konkret davranışının hərəkət və ya hərəkətsizlikdə ifadə olunmasının və həmin davranışla baş vermiş nəticə arasında səbəbli əlaqənin müəyyən edilməsinin vacibliyini vurğulamışdır. Bu hüquqi mövqe cinayət məsuliyyətinin yalnız ağır nəticənin mövcudluğuna əsaslanaraq müəyyən edilməsinin yolverilməzliyini göstərir. Qərarın qəbulundan sonra 142-ci maddənin dispozisiyası dəyişdirildiyindən, həmin hüquqi mövqe qüvvədə olan normanın konkret tərkib əlamətləri nəzərə alınmaqla tətbiq edilməlidir.
Tibbi məsuliyyətin düzgün müəyyən edilməsində digər mühüm meyar həkimin peşə davranışının qərarın qəbul edildiyi anda mövcud olan faktiki və klinik şərait əsasında qiymətləndirilməsidir. Hüquqi təhlildə *ex ante* qiymətləndirmə kimi ifadə olunan bu yanaşmaya görə, həkimin davranışının peşə standartlarına uyğunluğu sonradan məlum olmuş nəticəyə əsasən deyil, qərar anında mövcud olan simptomlar, klinik göstəricilər, həkim üçün əlçatan məlumatlar, müvafiq tibbi biliklər və mümkün alternativ tədbirlər nəzərə alınmaqla müəyyən edilməlidir. Əsas məsələ qərarın həmin vaxt gözlənilən peşəkar diqqət və ehtiyatlılığa uyğun olub-olmamasıdır.
Bu yanaşma hüquqi qiymətləndirmədə nəticəyə əsaslanan mühakimə xətasının qarşısının alınması baxımından da əhəmiyyətlidir. Elmi ədəbiyyatda *hindsight bias* adlandırılan bu hal hadisənin nəticəsi məlum olduqdan sonra əvvəlki qərarın həmin dövrdə mövcud olmayan məlumatlar əsasında qiymətləndirilməsi və onun əsassız şəkildə qüsurlu hesab edilməsi riskini ifadə edir. Halbuki tibbi fəaliyyətin ayrılmaz xüsusiyyəti olan diaqnostik qeyri-müəyyənlik və obyektiv klinik risk peşə səhlənkarlığı ilə eyniləşdirilə bilməz. Bununla yanaşı, klinik qeyri-müəyyənliyin mövcudluğu həkimi zəruri müayinələri aparmaq, təhlükəli simptomları vaxtında qiymətləndirmək, müvafiq müalicə tədbirlərini seçmək və pasiyentin vəziyyətinə adekvat reaksiya vermək öhdəliyindən azad etmir.
Pasiyentin tibbi müdaxiləyə razılığı yalnız müvafiq sənədin imzalanması ilə məhdudlaşmır. Məlumatlandırılmış razılıq pasiyentin sağlamlıq vəziyyəti, təklif olunan müalicənin mahiyyəti və məqsədi, mümkün riskləri, alternativ müalicə üsulları, habelə tibbi müdaxilədən imtinanın ehtimal olunan nəticələri barədə aydın və kifayət qədər məlumat alaraq sərbəst qərar verməsini nəzərdə tutur. Bu prosesdə məlumatın pasiyent üçün anlaşılan dildə təqdim edilməsi, onun suallarının cavablandırılması və qərar qəbul etməsi üçün münasib vaxtın ayrılması mühüm əhəmiyyət daşıyır. Beləliklə, məlumatlandırılmış razılıq sadəcə formal sənədləşmə tələbi deyil, pasiyentin öz sağlamlığı və bədəni ilə bağlı qərarlarda iştirakını təmin edən əsas hüquqi mexanizmlərdən biridir.
Tibbi etika sahəsində tanınmış tədqiqatçılar Tom Beauchamp və James Childress “Biotibbi etikanın prinsipləri” (“Principles of Biomedical Ethics”) əsərində şəxsin öz müqəddəratını sərbəst müəyyən etmək hüququna hörməti tibbi etikanın əsas prinsiplərindən biri kimi izah edirlər. Bu yanaşmaya görə, pasiyent öz sağlamlığına dair qərarları kifayət qədər məlumat əsasında, kənar təzyiq olmadan qəbul etmək imkanına malik olmalıdır. Tibbi hüquq üzrə tədqiqatçılar Margaret Brazier və Emma Cave isə “Tibb, pasiyentlər və hüquq” (“Medicine, Patients and the Law”) əsərində tibbi müdaxilənin peşə standartlarına uyğun aparılması ilə həmin müdaxiləyə verilmiş razılığın hüquqi baxımdan etibarlı olmasının fərqli məsələlər olduğunu araşdırırlar. Bu səbəbdən tibbi müdaxilə düzgün aparılsa və pasiyentin sağlamlığına zərər dəyməsə belə, məlumatlandırma və razılıq qaydalarının pozulması müstəqil hüquqi qiymətləndirmə predmeti ola bilər.
Bu məsələyə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində də xüsusi əhəmiyyət verilir. Məhkəmənin “Reyes Ximenes İspaniyaya qarşı” (“Reyes Jiménez v. Spain”) işi üzrə 8 mart 2022-ci il tarixli qərarında (ərizə № 57020/18) azyaşlı pasiyent üzərində aparılmış tibbi müdaxilələrə dair qanunvericiliklə tələb olunan yazılı razılığın mövcud olmaması və milli məhkəmələrin bu vəziyyətə kifayət qədər əsaslandırılmış hüquqi qiymət verməməsi araşdırılmışdır. AİHM həmin məsələyə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının şəxsi həyata hörmət hüququnu təmin edən 8-ci maddəsi baxımından yanaşmışdır. Qərarın əsas hüquqi əhəmiyyəti ondan ibarətdir ki, pasiyentin məlumatlandırılmış razılığına dair qanunvericilik tələbləri formal xarakter daşımır və onların yerinə yetirilməməsi məhkəmələr tərəfindən əsaslı şəkildə araşdırılmalıdır. Bununla belə, həmin qərar bütün Avropa dövlətlərində hər bir tibbi müdaxilə üçün istisnasız olaraq yazılı razılığın tələb edilməsi mənasına gəlmir. Razılığın forması və alınması qaydası ilk növbədə müvafiq dövlətin qüvvədə olan qanunvericiliyinə əsasən müəyyən edilir.
Pasiyentin sərbəst qərar vermək hüququ ilə bağlı digər mühüm hüquqi mövqe AİHM-in Böyük Palatasının “Pindo Mulla İspaniyaya qarşı” (“Pindo Mulla v. Spain”) işi üzrə 17 sentyabr 2024-cü il tarixli qərarında (ərizə № 15541/20) ifadə olunmuşdur. İşin mahiyyəti pasiyentin dini etiqadı ilə əlaqədar qan köçürülməsindən əvvəlcədən imtina etməsinə baxmayaraq, təcili tibbi yardım zamanı həmin iradənin qərar qəbul edən tibb işçilərinə lazımi qaydada çatdırılmaması ilə bağlı idi. AİHM müəyyən etmişdir ki, pasiyentin əvvəlcədən bildirdiyi iradənin nəzərə alınması üçün lazımi tədbirlərin görülməməsi onun şəxsi həyata hörmət hüququnun pozulmasına səbəb olmuşdur.
Bu qərar pasiyentin öz bədəni və sağlamlığı ilə bağlı qərar vermək hüququnun, o cümlədən müəyyən tibbi müdaxilədən imtina etmək imkanının hüquqi əhəmiyyətini bir daha təsdiqləyir. AİHM-in yanaşmasına görə, pasiyentin iradəsi aydın, konkret və mövcud vəziyyətə uyğun şəkildə ifadə edildikdə, onun nəzərə alınması xüsusi əhəmiyyət daşıyır. Həmin iradənin məzmunu və ya qüvvədə olması barədə əsaslı şübhə yarandıqda isə mövcud şəraitin imkan verdiyi həddə bu məsələnin aydınlaşdırılması üçün ağlabatan tədbirlər görülməlidir. Eyni zamanda təxirəsalınmaz tibbi yardım zamanı yaranan faktiki çətinliklər və pasiyentin iradəsinin müəyyən edilməsinə mane olan obyektiv hallar da hüquqi qiymətləndirmədə nəzərə alınmalıdır.
İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci maddəsi hər kəsin yaşamaq hüququnu təmin etməklə dövlətin üzərinə insan həyatının qorunması üçün zəruri hüquqi və təşkilati tədbirlər görmək öhdəliyi qoyur. Bu öhdəlik səhiyyə sahəsinə də şamil olunur və dövlət həm dövlət, həm də özəl tibb müəssisələrində pasiyentlərin həyatının qorunmasına yönəlmiş səmərəli hüquqi tənzimləmə və nəzarət mexanizmləri yaratmalıdır. Lakin dövlətin həyatın müdafiəsi üzrə öhdəlikləri ilə həkimin hər bir peşə səhvinə görə dövlətin birbaşa məsuliyyət daşıması fərqli hüquqi məsələlərdir. Tibbi müdaxilənin arzuolunmaz nəticələnməsi və ya pasiyentin ölümü özlüyündə Konvensiyanın 2-ci maddəsinin pozulması demək deyildir. Belə hallarda dövlətin müvafiq hüquqi və təşkilati təminatları yaradıb-yaratmadığı, eləcə də baş vermiş hadisənin qanunvericiliyə uyğun və səmərəli şəkildə araşdırılıb-araşdırılmadığı ayrıca qiymətləndirilməlidir.
Avropa İnsan Hüquqları Məhkəməsi “Kalvelli və Çilio İtaliyaya qarşı” (“Calvelli and Ciglio v. Italy”) işi üzrə 17 yanvar 2002-ci il tarixli qərarında (Böyük Palata, ərizə № 32967/96) tibbi səhlənkarlıq nəticəsində baş vermiş ölüm hadisələri ilə bağlı dövlətin hüquqi öhdəliklərinə aydınlıq gətirmişdir. Məhkəmə qeyd etmişdir ki, tibbi səhlənkarlığın qəsdən törədilmədiyi hallarda dövlətin yaşamaq hüququnu müdafiə etmək öhdəliyi hər bir hadisə üzrə mütləq cinayət təqibinin həyata keçirilməsini tələb etmir. Müəyyən hallarda pasiyentin və ya onun yaxınlarının hüquqlarının müdafiəsini təmin edən səmərəli mülki-hüquqi və digər hüquqi vasitələrin mövcudluğu Konvensiyanın 2-ci maddəsindən irəli gələn prosessual öhdəliklərin yerinə yetirilməsi üçün kifayət edə bilər. Bu qərarın əsas hüquqi əhəmiyyəti ondan ibarətdir ki, tibbi səhlənkarlıqla bağlı məsuliyyət mexanizmi yalnız cinayət hüququ ilə məhdudlaşmır. Əsas məsələ hüquq pozuntusunun araşdırılması, zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi və müvafiq hallarda məsuliyyətin müəyyən edilməsi üçün real və səmərəli hüquqi imkanların mövcudluğudur.
Dövlətin səhiyyə sahəsində məsuliyyətinin hüdudları AİHM-in Böyük Palatasının “Lopes de Souza Fernandeş Portuqaliyaya qarşı” (“Lopes de Sousa Fernandes v. Portugal”) işi üzrə 19 dekabr 2017-ci il tarixli qərarında (ərizə № 56080/13) daha ətraflı izah edilmişdir. Məhkəmə bu qərarında ayrı-ayrı tibb işçilərinin mümkün peşə səhlənkarlığı ilə səhiyyə sisteminin fəaliyyətində mövcud olan ciddi təşkilati və struktur çatışmazlıqlarını fərqləndirmişdir. AİHM-in yanaşmasına görə, həkimin diaqnostika və ya müalicə zamanı yol verdiyi hər bir səhv dövlətin Konvensiyanın 2-ci maddəsi üzrə maddi məsuliyyətini avtomatik olaraq yaratmır. Bunun üçün adi peşə səhlənkarlığından kənara çıxan və dövlətin həyatın qorunması üzrə pozitiv öhdəlikləri ilə əlaqəli olan xüsusi hallar müəyyən edilməlidir.
Həmin işdə AİHM Konvensiyanın 2-ci maddəsinin maddi aspekti üzrə pozuntu müəyyən etməmiş, lakin pasiyentin ölümünün səbəblərinin araşdırılması ilə bağlı milli hüquqi prosedurların səmərəliliyində çatışmazlıqlar aşkar edərək prosessual aspekt üzrə pozuntu olduğu qənaətinə gəlmişdir. Beləliklə, ölüm hadisəsi ilə bağlı əsaslı iddialar irəli sürüldükdə, dövlət həmin hadisənin səbəblərinin müəyyən edilməsinə imkan verən, ağlabatan müddətdə aparılan və səmərəli nəticə əldə etməyə qadir olan hüquqi araşdırma mexanizmlərini təmin etməlidir. Başqa sözlə, tibbi hadisəyə görə dövlətin birbaşa maddi məsuliyyətinin yaranmaması həmin hadisənin lazımi qaydada araşdırılması öhdəliyini aradan qaldırmır.
Bu istiqamətdə digər mühüm qərar AİHM-in Böyük Palatasının “Fernandeş de Oliveyra Portuqaliyaya qarşı” (“Fernandes de Oliveira v. Portugal”) işi üzrə 31 yanvar 2019-cu il tarixli qərarıdır (ərizə № 78103/14). Həmin iş psixiatriya müəssisəsində müalicə alan şəxsin həyatının qorunması üçün görülməli olan tədbirlərlə bağlı olmuşdur. Məhkəmə pasiyentin sağlamlıq vəziyyəti, əvvəlki davranışları, özünə zərər yetirmə riskinin müəyyən edilmə imkanları və tibb müəssisəsinin həmin riskə qarşı görməli olduğu tədbirlərin xarakterini araşdırmışdır. Qərarda dövlətin və tibb müəssisəsinin həyat üçün mövcud olan riskləri qiymətləndirmək, zəruri hallarda qoruyucu tədbirlər görmək və bununla yanaşı, pasiyentin şəxsi azadlığına və müalicə prosesindəki hüquqlarına hörmət etmək öhdəlikləri arasında tarazlığın qorunmasının əhəmiyyəti ortaya qoyulmuşdur.
Tibbi xidmət sahəsində hüquqi məsuliyyətin müəyyən edilməsinin ən mühüm məsələlərindən biri həkimin və ya tibb müəssisəsinin yol verdiyi pozuntu ilə pasiyentə vurulmuş zərər arasında səbəbli əlaqənin mövcudluğunun sübut edilməsidir. Öhdəliyin pozulması faktı ilə həmin pozuntunun zərərə səbəb olması ayrıca sübut edilməlidir.
Səbəbli əlaqənin müəyyən edilməsində iki əsas məsələ fərqləndirilir. Birincisi, faktiki səbəbli əlaqədir. Bu zaman həkimin və ya tibb müəssisəsinin yol verdiyi pozuntu baş verməsəydi, pasiyentin sağlamlığına vurulmuş zərərin yenə də meydana çıxıb-çıxmayacağı araşdırılır. İkincisi isə hüquqi baxımdan səbəbli əlaqənin qiymətləndirilməsidir. Bu mərhələdə müəyyən edilmiş zərərin məhz pozulmuş hüquqi öhdəliyin qarşısını almağa yönəldiyi riskin nəticəsi olub-olmadığı müəyyən edilir. Başqa sözlə, yalnız hadisələr arasında faktiki əlaqənin mövcudluğu deyil, həmin nəticəyə görə konkret şəxsin hüquqi məsuliyyət daşımasının əsaslılığı da araşdırılmalıdır.
Bu fərqləndirmə tibbi xidmət sahəsində xüsusi əhəmiyyət daşıyır. Çünki pasiyentin sağlamlıq vəziyyətinin pisləşməsi və ya ölümünün baş verməsi bir neçə səbəbin birgə təsiri nəticəsində meydana çıxa bilər. Xəstəliyin ağır inkişaf mərhələsində olması, yanaşı xəstəliklər, orqanizmin fərdi xüsusiyyətləri, müalicənin obyektiv riskləri və tibbi müdaxilənin nəticəsinin əvvəlcədən dəqiq müəyyən edilə bilməməsi səbəbli əlaqənin qiymətləndirilməsini çətinləşdirir. Belə hallarda həkimin davranışında hər hansı nöqsanın aşkar edilməsi həmin nöqsanın bütün mənfi nəticələrə səbəb olduğu qənaətinə gəlmək üçün kifayət etmir. Konkret pozuntunun zərərin yaranmasına və ya ağırlaşmasına hansı dərəcədə təsir göstərdiyi tibbi və hüquqi baxımdan əsaslandırılmalıdır.
Bu prosesdə məhkəmə-tibbi ekspertizasının rolu mühümdür. Ekspertiza tibbi müdaxilənin qəbul edilmiş peşə standartlarına uyğunluğunu, diaqnostika və müalicə zamanı yol verilmiş mümkün nöqsanları, həmin nöqsanların klinik nəticəyə təsirini və tibbi baxımdan səbəbli əlaqənin mövcudluğunu qiymətləndirməyə imkan verir. Bununla belə, ekspert rəyi məhkəmə üçün hüquqi məsuliyyət məsələsini əvvəlcədən həll edən sənəd hesab edilə bilməz. Ekspertin vəzifəsi xüsusi tibbi bilik tələb edən halları elmi əsaslarla izah etməkdir. Sübutların məcmusunun qiymətləndirilməsi, hüquqi səbəbli əlaqənin müəyyən edilməsi və müvafiq məsuliyyət normasının tətbiqi isə məhkəmənin səlahiyyətinə aiddir.
Tibbi məsuliyyətlə bağlı sübutetmə problemlərinin həlli baxımından Almaniya qanunvericiliyi mühüm müqayisəli hüquqi təcrübə təqdim edir. Almaniya Mülki Məcəlləsinin (“Bürgerliches Gesetzbuch” — BGB) 630a maddəsinin ikinci hissəsinə əsasən, tibbi yardım, bir qayda olaraq, müdaxilə zamanı mövcud olan və ümumi qəbul edilmiş peşə standartlarına uyğun göstərilməlidir. Həmin Məcəllənin 630f maddəsi tibbi sənədlərin aparılması, müalicə prosesinə dair mühüm məlumatların qeydə alınması və sənədləşmənin düzgünlüyü ilə bağlı tələbləri müəyyən edir. 630h maddəsində isə tibbi məsuliyyət mübahisələrində sübutetmə yükünün bölüşdürülməsinə dair xüsusi qaydalar nəzərdə tutulmuşdur.
Xüsusilə, Almaniya Mülki Məcəlləsinin 630h maddəsinin ikinci hissəsinə əsasən, pasiyentin tibbi müdaxilə barədə qanunvericiliklə tələb olunan qaydada məlumatlandırıldığını və müdaxiləyə etibarlı razılıq verdiyini sübut etmək vəzifəsi tibbi xidməti göstərən tərəfin üzərinə qoyulur. Bu qaydanın hüquqi əhəmiyyəti ondan ibarətdir ki, razılıq sənədinin mövcudluğu ilə pasiyentin faktiki olaraq lazımi səviyyədə məlumatlandırılması eyni anlayışlar hesab edilmir. Tibbi xidməti göstərən tərəf qanunla tələb edilən məlumatlandırma və razılıq prosedurlarına riayət olunduğunu əsaslandırmalıdır.
Həmin maddənin üçüncü hissəsində tibbi sənədləşmə ilə bağlı mühüm sübutetmə qaydası müəyyən edilmişdir. Belə ki, tibbi baxımdan əhəmiyyətli olan və sənədləşdirilməsi tələb edilən tədbir pasiyentin tibbi sənədlərində qeydə alınmamışdırsa, qanunla müəyyən edilmiş şərtlər daxilində həmin tədbirin həyata keçirilmədiyi ehtimal olunur. Bu yanaşma tibbi sənədləşmənin yalnız inzibati xarakter daşımadığını, həm də pasiyentin hüquqlarının müdafiəsində və mübahisələrin obyektiv araşdırılmasında mühüm sübut vasitəsi olduğunu göstərir.
Almaniya Mülki Məcəlləsinin 630h maddəsinin beşinci hissəsi isə kobud müalicə səhvinin müəyyən edildiyi hallarda səbəbli əlaqənin sübut olunmasına dair xüsusi hüquqi mexanizm nəzərdə tutur. Müəyyən edilmiş kobud peşə səhvi baş vermiş zərərə səbəb ola biləcək xarakter daşıdıqda, qanunda nəzərdə tutulan digər şərtlər daxilində həmin səhvlə zərər arasında səbəbli əlaqənin mövcudluğu ehtimal edilə bilər. Bununla belə, bu qayda hər bir tibbi səhvin avtomatik olaraq həkimin məsuliyyətinə səbəb olması mənasına gəlmir. Xüsusi sübutetmə nəticəsinin yaranması üçün qanunun müəyyən etdiyi şərtlər mövcud olmalıdır.
Almaniya təcrübəsinin mühüm xüsusiyyəti tibbi münasibətlərdə tərəflərin sübut əldə etmək imkanları arasındakı qeyri-bərabərliyin nəzərə alınmasıdır. Tibbi müdaxilənin gedişi, aparılmış müayinələr, qəbul edilmiş klinik qərarlar və tətbiq olunan müalicə tədbirləri barədə məlumatların böyük hissəsi, bir qayda olaraq, tibb müəssisəsinin sərəncamında olur. Pasiyent isə həmin məlumatları müstəqil əldə etmək və tibbi baxımdan qiymətləndirmək imkanlarına həmişə malik olmur. Bu asimmetriya pasiyentin hüquqlarının müdafiəsini çətinləşdirə bilər.
Bununla yanaşı, Almaniya qanunvericiliyində nəzərdə tutulan xüsusi sübutetmə qaydaları Azərbaycan hüququnda eyni məzmunda birbaşa tətbiq edilən normalar kimi qiymətləndirilməməlidir. Onların əhəmiyyəti, ilk növbədə, milli qanunvericiliyin təkmilləşdirilməsi və tibbi mübahisələrdə tərəflərin prosessual imkanları arasında daha ədalətli tarazlığın təmin edilməsi baxımından nəzərdən keçirilməlidir. Bu məqsədlə tibbi sənədlərin tam və düzgün aparılması, elektron məlumat sistemlərində dəyişikliklərin izlənilməsi, sənədlərin pasiyentə qanunla müəyyən edilmiş qaydada təqdim edilməsi və məhkəmə-tibbi ekspertizalarının elmi əsaslandırılmasının gücləndirilməsi mühüm istiqamətlər hesab oluna bilər.
Xüsusilə qeyd edilməlidir ki, tibbi sənədlərdə hər hansı çatışmazlığın aşkar edilməsi həmin çatışmazlığın bütün hallarda pasiyentə vurulmuş zərərin səbəbi olması demək deyildir. Sənədləşmədəki nöqsanın hüquqi nəticəsi onun xarakterindən, əhəmiyyətindən, konkret hüquqi öhdəliklə əlaqəsindən və tətbiq olunan sübutetmə qaydalarından asılı olaraq müəyyən edilməlidir. Buna görə də sübutetmə imkanlarının tarazlaşdırılması ilə əsassız məsuliyyətin qarşısının alınması arasında hüquqi balans qorunmalıdır.
Tibbi xidmət zamanı yaranan hüquqi risklərin qiymətləndirilməsində yalnız həkimin fərdi davranışının deyil, tibb müəssisəsinin fəaliyyətinin necə təşkil olunmasının da araşdırılması mühüm əhəmiyyət daşıyır. Tibbi müdaxilənin təhlükəsizliyi həkimin peşə bilikləri və klinik qərarları ilə yanaşı, müəssisənin maddi-texniki təminatından, işçi heyətinin düzgün təşkilindən, tibbi avadanlığın sazlığından, daxili nəzarət mexanizmlərindən və rəhbərliyin idarəetmə qərarlarından asılıdır.
İngilis tədqiqatçısı Ceyms Rizon (James Reason) “İnsan səhvi” (“Human Error”) əsərində mürəkkəb təşkilati sistemlərdə baş verən səhvlərin yalnız fərdi davranışla deyil, təhlükəsizlik və nəzarət mexanizmlərində mövcud olan çatışmazlıqlarla da əlaqəli olduğunu əsaslandırır. Onun yanaşmasına görə, müəyyən hallarda bir neçə təşkilati nöqsanın qarşılıqlı təsiri ciddi mənfi nəticələrin yaranmasına şərait yarada bilər. Bu nəzəriyyənin tibbi hüquq baxımından əhəmiyyəti ondan ibarətdir ki, pasiyentə zərər vurulmasına səbəb olmuş hadisələr araşdırılarkən həkimin fərdi peşə davranışı ilə yanaşı, həmin davranışın həyata keçirildiyi təşkilati şərait də qiymətləndirilməlidir. Bununla belə, təşkilati çatışmazlıqların mövcudluğu həkimin fərdi məsuliyyətini avtomatik aradan qaldırmadığı kimi, həkimin səhvə yol verməsi də tibb müəssisəsinin müstəqil öhdəliklərini və mümkün məsuliyyətini istisna etmir.
Mülki Məcəllənin 1096 və 1097-ci maddələri mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətin ümumi əsaslarını, 1099-cu maddəsi isə hüquqi və ya fiziki şəxsin öz işçisinin əmək vəzifələrinin icrası zamanı törətdiyi deliktə görə cavabdehliyini nəzərdə tutur. Həmin Məcəllənin 1099.2-ci maddəsi bu məsuliyyət mexanizminin tətbiqi baxımından işçi anlayışını müəyyən şərtlərlə mülki hüquq müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərə də şamil edir. Buna görə tibbi xidmət göstərən şəxslə müəssisə arasındakı münasibətin yalnız formal müqavilə adı deyil, onun faktiki məzmunu, tapşırığın kim tərəfindən verilməsi və fəaliyyətin təhlükəsizliyinə kimin nəzarət etməsi də hüquqi əhəmiyyət daşıyır.
Məsələnin əmək-hüquqi tərəfi Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəaları əsasında qiymətləndirilməlidir. Həmin Məcəllənin 10-cu maddəsi işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməsini, əmək intizamına və təhlükəsizlik normalarına riayət etməsini əsas vəzifələr sırasında nəzərdə tutur. Məcəllənin 12-ci maddəsi isə işəgötürənin əmək qanunvericiliyindən və əmək müqaviləsindən irəli gələn öhdəliklərini müəyyən edir. Bu normaların tibbi xidmət sahəsində tətbiqi göstərir ki, həkim öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirməli olduğu kimi, tibb müəssisəsi də əmək münasibətlərinin qanuni və səmərəli təşkilini təmin etməlidir.
Əmək Məcəlləsinin 215-ci maddəsi işəgötürənin əməyin mühafizəsi sahəsində vəzifələrini, o cümlədən iş yerlərində təhlükəsizlik normalarına riayət olunmasının təmin edilməsini nəzərdə tutur. Məcəllənin 216-cı maddəsində işçilərin əməyin təhlükəsizliyi qaydalarına əməl etmək və müəyyən edilmiş təhlükələr barədə məlumat vermək öhdəlikləri, 219-cu maddəsində isə əməyin mühafizəsi sahəsində təlim və hazırlıq məsələləri tənzimlənir. Bu müddəalar bilavasitə əmək münasibətlərinə və işçilərin təhlükəsizliyinə aid olsa da, tibb müəssisəsində təhlükəsiz iş prosesinin qurulması, avadanlığın istismarına nəzarət və işçi heyətinin hazırlığı baxımından mühüm təşkilati əhəmiyyət daşıyır. Bununla belə, əməyin mühafizəsinə dair hər bir norma avtomatik olaraq pasiyent qarşısında mülki məsuliyyətin müstəqil əsası kimi qəbul edilməməlidir. Belə məsuliyyət müvafiq mülki-hüquqi öhdəliklər və onların pozulmasının nəticələri əsasında müəyyən edilməlidir.
Həmçinin Əmək Məcəlləsinin 186-cı maddəsi əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinin əsaslarını müəyyən edir. Tibb işçisi əmək funksiyasını yerinə yetirmədikdə, vəzifə təlimatını və ya qanuni daxili intizam qaydalarını pozduqda, işəgötürən qanunla nəzərdə tutulmuş şərtlər və prosedurlar daxilində intizam tənbehi tətbiq edə bilər. Lakin intizam məsuliyyəti ilə mülki və cinayət məsuliyyəti eyni hüquqi anlayışlar deyildir. İşçinin intizam pozuntusuna yol verməsi pasiyentə vurulmuş zərərlə səbəbli əlaqəni özlüyündə sübut etmir. Eyni qaydada, əmək münasibətləri çərçivəsində intizam tənbehinin tətbiq edilməməsi də müvafiq hüquqi əsaslar mövcud olduqda mülki və ya cinayət məsuliyyətinin yaranmasını istisna etmir.
Tibb müəssisələrinin təşkilati öhdəlikləri qiymətləndirilərkən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları da nəzərə alınmalıdır. Həmin Qanunun 24-cü maddəsi pasiyentin sanitariya-gigiyena tələblərinə uyğun şəraitdə müayinə və müalicə olunmaq hüququnu təsbit edir. Qanunun 57-ci maddəsi vətəndaşın sağlamlığına vurulmuş zərərin qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməsini, 59-cu maddəsi isə tibb və əczaçılıq işçilərinin peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə qanuna uyğun məsuliyyət daşımasını nəzərdə tutur. Bu normaların birlikdə təhlili göstərir ki, pasiyentin hüquqlarının müdafiəsi yalnız həkimin klinik qərarlarının düzgünlüyünün yoxlanılması ilə məhdudlaşmamalı, tibbi xidmətin göstərildiyi şəraitin təhlükəsizliyi və qanunvericiliyin tələblərinə uyğunluğu da araşdırılmalıdır.
Məsələn, hipotetik olaraq intensiv terapiya şöbəsində pasiyentin həyati göstəricilərinə nəzarət edən monitorun dəfələrlə nasaz işlədiyi, bu barədə müəssisə rəhbərliyinə yazılı məlumat verildiyi, lakin avadanlığın təmirinin və ya alternativ nəzarət vasitəsinin təmin edilmədiyi vəziyyəti nəzərdən keçirək. Nəticədə pasiyentin vəziyyətində yaranan təhlükəli dəyişiklik vaxtında aşkar olunmur və onun sağlamlığına ciddi zərər dəyir. Belə hadisənin hüquqi qiymətləndirilməsi zamanı ilk növbədə növbətçi həkimin pasiyentin vəziyyətini müşahidə etmək üzrə peşə öhdəliklərini lazımi qaydada yerinə yetirib-yetirmədiyi müəyyən edilməlidir. Bununla yanaşı, monitorun nasazlığı barədə rəhbərliyə məlumatın daxil olması, avadanlığın istismarına davam edilməsinə kimin icazə verməsi, təmir və ya əvəzedici nəzarət tədbirlərinin görülməsinin mümkünlüyü də ayrıca araşdırılmalıdır. Nəhayət, pasiyentin vəziyyətinin gec aşkar olunması ilə vurulmuş konkret zərər arasında tibbi və hüquqi səbəbli əlaqənin mövcudluğu sübut edilməlidir.
Belə vəziyyətdə tibb müəssisəsinin direktorunun, baş həkiminin və ya digər rəhbər şəxsin fərdi məsuliyyəti yalnız onun tutduğu vəzifəyə əsasən müəyyən edilə bilməz. Həmin şəxsin konkret səlahiyyətləri, avadanlığın təhlükəsiz istismarına nəzarətlə bağlı vəzifələri, nasazlıq haqqında məlumatlı olması, qəbul etdiyi qərarlar və ya yol verdiyi hərəkətsizlik, eləcə də bunların baş vermiş nəticə ilə əlaqəsi müəyyən edilməlidir.
Tibb müəssisəsinin hüquqi məsuliyyətinin digər mühüm istiqaməti pasiyentin şəxsi məlumatlarının və tibbi məxfiliyinin qorunması ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi şəxsi həyatın toxunulmazlığına təminat verir. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsi pasiyentin sağlamlığı və müalicəsi barədə məlumatların məxfi saxlanılması hüququnu, 53-cü maddəsi isə həkim sirrinin məzmununu və həmin məlumatların açıqlanmasının hüquqi şərtlərini müəyyən edir. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.6-cı maddəsinə əsasən, şəxsin səhhətinə aid məlumatlar xüsusi kateqoriyalı fərdi məlumatlar hesab olunur. Həmin Qanunun fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsinə dair tələbləri tibbi məlumatların qorunması baxımından da tətbiq edilməlidir.
Pasiyentin diaqnozu, müayinə nəticələri, tibbi müdaxilələr və sağlamlıq vəziyyəti barədə məlumatların qanuni əsas olmadan üçüncü şəxslərə açıqlanması onun şəxsi həyatına hörmət və tibbi məxfilik hüquqlarının pozulmasına səbəb ola bilər. Bu halda pasiyentin sağlamlığına fiziki zərər vurulmasının mövcudluğu hüquq pozuntusunun müəyyən edilməsi üçün mütləq şərt deyildir. Lakin pozuntunun xarakteri, onun hüquqi nəticələri və kompensasiya tələbinin əsaslılığı ayrıca qiymətləndirilməlidir. Tibb müəssisəsi məlumatların saxlanılması və istifadəsi proseslərini təşkil edərkən onlara giriş səlahiyyətlərini, məlumatların ötürülməsi qaydalarını və qanunla tələb olunan mühafizə tədbirlərini nəzərə almalıdır.
Bu məsələnin mülki-hüquqi müdafiəsi baxımından Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli, 20 nömrəli “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Qərarı mühüm əhəmiyyət kəsb edir. Həmin qərar şəxsiyyət hüquqlarının hüquqi mahiyyəti və onların pozulması zamanı mülki müdafiə vasitələrinin tətbiqi baxımından ümumi məhkəmə-hüquqi istiqamət müəyyən edir. Tibbi məlumatların qanunsuz açıqlanması ilə bağlı mübahisələrdə bu hüquqi yanaşmalar pasiyentin şəxsi və qeyri-əmlak hüquqlarının müdafiəsi kontekstində nəzərə alına bilər. Bununla belə, həmin Plenum qərarı konkret tibbi səhlənkarlıq faktı üzrə qəbul edilmiş kassasiya qərarı deyil və onun hüquqi əhəmiyyəti şəxsiyyət hüquqlarının müdafiəsinə dair ümumi müddəalar çərçivəsində qiymətləndirilməlidir.
Tibbi xidmət sahəsində hüquqi məsuliyyətin müasir inkişaf istiqamətləri göstərir ki, pasiyent hüquqlarının səmərəli müdafiəsi yalnız baş vermiş hüquq pozuntularına görə məsuliyyətin müəyyən edilməsi ilə məhdudlaşmamalıdır. Tibbi xidmətin təhlükəsizliyinin təmin edilməsi, mümkün risklərin əvvəlcədən müəyyənləşdirilməsi, müəssisədaxili nəzarətin təşkili və tibbi fəaliyyətin qanunvericiliyə uyğun həyata keçirilməsi də hüquqi tənzimləmənin mühüm istiqamətləri hesab olunmalıdır. Bu baxımdan Almaniya, Rusiya və İngiltərənin hüquq doktrinasında formalaşmış elmi yanaşmalar, eləcə də beynəlxalq təşkilatların qəbul etdiyi pasiyent təhlükəsizliyi standartları Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi üçün əhəmiyyətli müqayisəli material təqdim edir.
Alman hüquqşünası Diter Gizen (Dieter Giesen) “Beynəlxalq tibbi səhlənkarlıq hüququ: tibbi yardım nəticəsində yaranan mülki məsuliyyətin müqayisəli hüquqi tədqiqi” (“International Medical Malpractice Law: A Comparative Law Study of Civil Liability Arising from Medical Care”) əsərində müxtəlif hüquq sistemlərində həkimlərin və tibb müəssisələrinin mülki məsuliyyətinin əsaslarını müqayisəli şəkildə araşdırmışdır. Müəllifin tədqiqatında tibbi xidmət münasibətlərinin müqavilə və delikt hüququ çərçivəsində qiymətləndirilməsi, peşə öhdəliklərinin məzmunu, tibbi müdaxilə zamanı yol verilmiş nöqsanlar və pasiyentə vurulmuş zərərə görə məsuliyyətin müəyyən edilməsi mühüm yer tutur.
Rus hüquq və tibbi hüquq ədəbiyyatında Yuri Dmitriyeviç Sergeyevin (Юрий Дмитриевич Сергеев) “Tibbi hüquq” (“Медицинское право”) adlı üçcildlik tədris kompleksində tibbi fəaliyyətin hüquqi tənzimlənməsi, səhiyyə münasibətlərinin iştirakçılarının hüquqi statusu və tibbi hüququn nəzəri-praktik məsələləri sistemli şəkildə təqdim edilir. Yuri Sergeyev və Aleksandr Moxovun (Александр Мохов) “Rusiya tibbi hüququnun əsasları” (“Основы медицинского права России”) əsəri də tibbi fəaliyyətin hüquqi əsaslarının, səhiyyə münasibətlərinin xüsusiyyətlərinin və sahəvi hüquqi institutların öyrənilməsi baxımından əhəmiyyətlidir. Həmin tədqiqatların müqayisəli dəyəri tibbi hüququn yalnız həkimin fərdi məsuliyyətindən ibarət olmadığını, səhiyyə müəssisələrinin hüquqi statusu, idarəetmə münasibətləri və pasiyent hüquqlarının müdafiəsi mexanizmləri ilə birlikdə araşdırılmalı olduğunu göstərməsidir.
İngiltərə hüquq ədəbiyyatında Marqaret Breyzer (Margaret Brazier), Emma Keyv (Emma Cave) və Rob Heyvudun (Rob Heywood) “Tibb, pasiyentlər və hüquq” (“Medicine, Patients and the Law”) əsərində tibbi müdaxilənin hüquqi əsasları, pasiyentin sərbəst qərar vermək hüququ, məlumatlandırılmış razılıq, peşə məsuliyyəti və müasir tibbi texnologiyaların yaratdığı hüquqi problemlər geniş tədqiq olunur. İngiltərənin tibbi xidmət sahəsində açıqlıq öhdəliyinə dair tənzimləməsi də ciddi təhlükəsizlik hadisələrindən sonra pasiyentlə şəffaf ünsiyyətin qurulması və hadisənin müvafiq qaydada izah edilməsi baxımından müqayisəli əhəmiyyət daşıyır.
Beynəlxalq səviyyədə Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi “2021–2030-cu illər üzrə Pasiyent Təhlükəsizliyi üzrə Qlobal Fəaliyyət Planı” (“Global Patient Safety Action Plan 2021–2030”) səhiyyə sistemlərində qarşısı alına bilən zərərin azaldılması və tibbi xidmətin təhlükəsizliyinin artırılması məqsədi daşıyır. Sənəddə pasiyent təhlükəsizliyinin səhiyyə siyasətinin əsas istiqamətlərindən biri kimi inkişaf etdirilməsi, təhlükəsiz klinik proseslərin təşkili, səhiyyə işçilərinin hazırlığının gücləndirilməsi, pasiyentlərin prosesdə iştirakının artırılması və risklərin idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur. Bu sənədin əhəmiyyəti tibbi xidmət zamanı hüquqi risklərin yalnız hadisə baş verdikdən sonra qiymətləndirilməsinə deyil, mümkün zərərin əvvəlcədən qarşısının alınmasına yönəlmiş təşkilati sistemin qurulmasını təşviq etməsidir. Bununla belə, ÜST-nin Fəaliyyət Planı dövlətlər üçün birbaşa mülki və ya cinayət məsuliyyəti müəyyən edən normativ akt deyil, səhiyyə siyasətinin və institusional idarəetmənin inkişafı üçün beynəlxalq tövsiyə xarakterli sənəddir.
Pasiyent hüquqlarının beynəlxalq müdafiəsi baxımından Avropa Şurasının “Biologiya və tibbin tətbiqi ilə əlaqədar insan hüquqlarının və insan ləyaqətinin müdafiəsi haqqında Konvensiyası” (“Convention on Human Rights and Biomedicine”), yaxud Oviedo Konvensiyası da mühüm müqayisəli əhəmiyyətə malikdir. Konvensiyanın 5-ci maddəsi tibbi müdaxilənin həyata keçirilməsindən əvvəl şəxsin sərbəst və məlumatlandırılmış razılığının alınması prinsipini nəzərdə tutur. Həmin sənədin 8-ci maddəsi təcili vəziyyətlərdə tibbi müdaxilənin həyata keçirilməsinin şərtlərini, 9-cu maddəsi isə şəxsin əvvəlcədən ifadə etdiyi iradənin nəzərə alınmasını tənzimləyir. Bu müddəalar pasiyentin şəxsi toxunulmazlığı, öz sağlamlığı barədə qərar vermək hüququ və tibbi müdaxilənin qanuniliyi arasında əlaqəni aydınlaşdırır. Bununla belə, Konvensiyanın Azərbaycan Respublikasına münasibətdə müqaviləvi qüvvəsi və birbaşa tətbiq imkanları onun iştirakçılıq statusu nəzərə alınmaqla müəyyən edilməlidir. Müqayisəli hüquqi prinsiplər milli qanunvericilikdə qüvvədə olan normalarla eyniləşdirilməməlidir.
Nəticə etibarilə, xarici hüquq doktrinasının və beynəlxalq pasiyent təhlükəsizliyi standartlarının Azərbaycan hüququna uyğunlaşdırılması hazır hüquqi mexanizmlərin mexaniki şəkildə köçürülməsi yolu ilə deyil, milli qanunvericiliyin xüsusiyyətləri, məhkəmə təcrübəsi, səhiyyə sisteminin təşkilati imkanları və pasiyent hüquqlarının müdafiəsi ehtiyacları nəzərə alınmaqla həyata keçirilməlidir. Tibbi xidmət sahəsində səmərəli hüquqi tənzimləmə pasiyentin hüquqlarının müdafiəsini, həkimin peşə fəaliyyətinin hüquqi müəyyənliyini və tibb müəssisəsinin təşkilati hesabatlılığını vahid təhlükəsizlik sistemi daxilində əlaqələndirməlidir.
Bu baxımdan müəllif tərəfindən tibbi xidmət sahəsində hüquqi məsuliyyətin müəyyən edilməsinə dair yeddimərhələli hüquqi qiymətləndirmə modeli təklif olunur. Modelin məqsədi tibbi mübahisələrdə hüquqi əhəmiyyət daşıyan halların ardıcıl və sistemli şəkildə araşdırılmasını təmin etmək, müxtəlif məsuliyyət əsaslarının qarışdırılmasının qarşısını almaq və hüquqi nəticənin obyektiv sübutlarla əsaslandırılmasına şərait yaratmaqdır.
Birinci mərhələdə pasiyentin hansı hüququnun və ya qanunla qorunan mənafeyinin pozulduğu müəyyən edilməlidir. Bu, yalnız həyat və sağlamlıq hüququnu deyil, həm də məlumatlandırılmış razılıq, tibbi müdaxilədən imtina, şəxsi həyatın toxunulmazlığı, tibbi məlumatların məxfiliyi və təhlükəsiz tibbi xidmət almaq hüquqlarını əhatə edə bilər. Hüququn konkret müəyyən edilməsi sonrakı mərhələlərdə tətbiq olunacaq məsuliyyət əsasının düzgün seçilməsi üçün zəruridir.
İkinci mərhələdə pozulduğu iddia edilən hüquqi öhdəliyin hansı subyektə aid olduğu araşdırılmalıdır. Burada həkimin fərdi peşə öhdəlikləri, tibb müəssisəsinin müqavilə və təşkilati vəzifələri, işəgötürənin qanunvericilikdən irəli gələn borcları və rəhbər şəxslərin səlahiyyətləri bir-birindən fərqləndirilməlidir. Bir hadisədə bir neçə subyektin fəaliyyətinin araşdırılması mümkün olsa da, onların hər birinin məsuliyyəti ayrıca hüquqi əsaslandırma tələb edir.
Üçüncü mərhələdə hadisənin baş verdiyi vaxt tətbiq edilməli olan hüquqi və peşə standartları müəyyən olunmalıdır. Bu zaman qüvvədə olan qanunvericilik, tibbi xidmətin xarakteri, müvafiq klinik göstərişlər, peşə fəaliyyətinə dair tələblər və konkret şəraitdə həkimdən gözlənilən diqqət və ehtiyatlılıq səviyyəsi nəzərə alınmalıdır. Həkimin davranışı sonradan məlum olmuş nəticəyə görə deyil, qərarın qəbul edildiyi anda mövcud olan klinik məlumatlar və real fəaliyyət imkanları əsasında qiymətləndirilməlidir.
Dördüncü mərhələdə konkret hüquqazidd hərəkət və ya hərəkətsizlik müəyyən edilməlidir. Bu mərhələdə yalnız ümumi şəkildə “tibbi səhvə yol verilməsi” barədə nəticə çıxarmaq kifayət deyildir. Hansı müayinənin aparılmadığı, hansı tibbi tədbirin gecikdirildiyi, hansı təhlükəsizlik qaydasının pozulduğu və ya müəssisənin hansı təşkilati öhdəliyinin yerinə yetirilmədiyi konkret faktlarla əsaslandırılmalıdır.
Beşinci mərhələdə pasiyentə vurulmuş zərərin xarakteri və hüquqi əhəmiyyəti müəyyən olunmalıdır. Burada sağlamlığa vurulmuş fiziki zərər, ölüm, əlavə müalicə xərcləri, əmək qabiliyyətinin itirilməsi və qanunla müdafiə olunan digər mənafelərə təsir ayrıca qiymətləndirilə bilər. Bununla yanaşı, məlumatlandırılmış razılıq və tibbi məxfilik kimi hüquqların pozulmasının müstəqil hüquqi nəticələr doğura bilməsi də nəzərə alınmalıdır. Zərərin mövcudluğu, onun növü və əvəzinin ödənilməsi şərtləri tətbiq olunan məsuliyyət normasının tələblərinə uyğun müəyyən edilməlidir.
Altıncı mərhələdə hüquqazidd davranışla baş vermiş zərər arasında faktiki və hüquqi səbəbli əlaqə araşdırılmalıdır. Bunun üçün müəyyən edilmiş pozuntunun zərərin yaranmasına və ya ağırlaşmasına təsiri, xəstəliyin təbii inkişafı, yanaşı xəstəliklər, tibbi müdaxilənin obyektiv riskləri və digər mümkün səbəblər nəzərə alınmalıdır. Eyni zamanda zərərin məhz pozulmuş hüquqi öhdəliyin qarşısını almağa yönəldiyi riskin nəticəsi olub-olmadığı qiymətləndirilməlidir. Bu yanaşma təsadüfi əlaqələrin hüquqi məsuliyyət üçün kifayət hesab edilməsinin qarşısını almağa xidmət edir.
Yeddinci mərhələdə isə müəyyən edilmiş faktların hansı mötəbər və yoxlanıla bilən sübutlarla təsdiqləndiyi araşdırılmalıdır. Tibbi sənədlər, elektron qeydiyyat məlumatları, müayinə nəticələri, ekspert rəyləri, müəssisədaxili sənədlər və digər sübutlar qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. Xüsusilə, tibbi məlumatların əsas hissəsinin tibb müəssisəsinin nəzarətində olması nəzərə alınaraq sübutların tamlığının, etibarlılığının və əldə edilməsinin qanuniliyinin təmin olunması mühüm əhəmiyyət daşıyır. Ekspert rəyi xüsusi tibbi bilik tələb edən məsələlərin aydınlaşdırılmasına xidmət etsə də, hüquqi məsuliyyət və sübutların yekun qiymətləndirilməsi məhkəmənin səlahiyyətində qalmalıdır.
Təklif olunan model müstəqil hüquqi məsuliyyət norması və ya məhkəmələr üçün məcburi sübutetmə qaydası kimi nəzərdə tutulmur. Mülki, cinayət, inzibati və intizam məsuliyyətinin xüsusi tərkib şərtləri saxlanılmaqla faktların sistemli araşdırılmasına xidmət edir.
Müqayisəli hüquqi təhlilin nəticələri əsasında Azərbaycan Respublikasında tibbi xidmətin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi üçün bir sıra istiqamətlər də müəyyən edilə bilər. İlk növbədə, tibb müəssisələrində təhlükəsizlik risklərinin əvvəlcədən müəyyənləşdirilməsi və sənədləşdirilməsi mexanizmlərinin gücləndirilməsi, elektron tibbi sənədlərin etibarlılığının təmin olunması, məlumatlandırılmış razılığın alınması prosedurlarının təkmilləşdirilməsi və ciddi tibbi hadisələrin obyektiv araşdırılmasına imkan verən təşkilati mexanizmlərin inkişaf etdirilməsi məqsədəuyğundur. Bununla yanaşı, tibbi mübahisələrdə sübutların əldə olunması imkanlarının tarazlaşdırılması və məhkəmə-tibbi ekspertizasının əsaslandırılması tələblərinin gücləndirilməsi də pasiyent hüquqlarının müdafiəsinə xidmət edə bilər.
Müəllifin əsas elmi qənaəti ondan ibarətdir ki, tibbi xidmət sahəsində hüquqi məsuliyyətin ədalətli müəyyən edilməsi üçün mənfi klinik nəticə, peşə standartının pozulması, təşkilati qüsur, hüquqi təqsir və səbəbli əlaqə müstəqil hüquqi kateqoriyalar kimi qiymətləndirilməlidir. Yalnız bu yanaşma tibbi mübahisələrdə hüquqi müəyyənliyin təmin edilməsinə, məhkəmə araşdırmalarının obyektivliyinin artırılmasına, pasiyent hüquqlarının etibarlı müdafiəsinə və səhiyyə sistemində institusional məsuliyyətin gücləndirilməsinə xidmət edə bilər.
İstifadə edilmiş ədəbiyyat və hüquqi mənbələr:
1. Azərbaycan Respublikasının Konstitusiyası, 12.11.1995, m. 32, 41, 60. e-qanun.az.
2. Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunu, 26.06.1997, m. 24–26, 53, 57, 59. e-qanun.az.
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi, 28.12.1999, m. 1096–1099. e-qanun.az.
4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, 30.12.1999, m. 3, 7, 24–26, 142. e-qanun.az.
5. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, 01.02.1999, m. 10, 12, 186, 215, 216, 219. e-qanun.az.
6. Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanunu, 11.05.2010, m. 2, 4, 5. e-qanun.az.
7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cinayət Məcəlləsinin 142-ci maddəsinin 56-cı maddənin tətbiqi baxımından şərh olunmasına dair” Qərarı, 07.04.2021. constcourt.gov.az.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Qərarı, 24.12.2025, № 20. supremecourt.gov.az.
9. Avropa Şurası. İnsan Hüquqları üzrə Avropa Konvensiyası (“European Convention on Human Rights”), 1950, m. 2, 8.
10. Avropa Şurası. İnsan hüquqları və biotibb haqqında Konvensiya (“Convention on Human Rights and Biomedicine”), Oviedo, 1997, ETS № 164, m. 5, 8, 9.
11. AİHM. “Reyes Ximenes İspaniyaya qarşı” (“Reyes Jiménez v. Spain”), № 57020/18, 08.03.2022.
12. AİHM, Böyük Palata. “Pindo Mulla İspaniyaya qarşı” (“Pindo Mulla v. Spain”), № 15541/20, 17.09.2024.
13. AİHM, Böyük Palata. “Kalvelli və Çilio İtaliyaya qarşı” (“Calvelli and Ciglio v. Italy”), № 32967/96, 17.01.2002.
14. AİHM, Böyük Palata. “Lopes de Souza Fernandeş Portuqaliyaya qarşı” (“Lopes de Sousa Fernandes v. Portugal”), № 56080/13, 19.12.2017.
15. AİHM, Böyük Palata. “Fernandeş de Oliveyra Portuqaliyaya qarşı” (“Fernandes de Oliveira v. Portugal”), № 78103/14, 31.01.2019.
16. Almaniya Mülki Məcəlləsi (“Bürgerliches Gesetzbuch — BGB”), §§ 630a–630h. gesetze-im-internet.de.
17. Giesen, D. Beynəlxalq tibbi səhlənkarlıq hüququ (“International Medical Malpractice Law”). Mohr / Martinus Nijhoff, 1988.
18. Beauchamp, T. L., Childress, J. F. Biotibbi etikanın prinsipləri (“Principles of Biomedical Ethics”). 8-ci nəşr. Oxford University Press, 2019.
19. Brazier, M., Cave, E., Heywood, R. Tibb, pasiyentlər və hüquq (“Medicine, Patients and the Law”). 7-ci nəşr. Manchester University Press, 2023.
20. Reason, J. İnsan səhvi (“Human Error”). Cambridge University Press, 1990.
21. Сергеев, Ю. Д. Tibbi hüquq (“Медицинское право”). Moskva: ГЭОТАР-Медиа, 2008.
22. Сергеев, Ю. Д., Мохов, А. А. Rusiya tibbi hüququnun əsasları (“Основы медицинского права России”). Moskva: МИА, 2011.
23. Ümumdünya Səhiyyə Təşkilatı. 2021–2030-cu illər üzrə Pasiyent Təhlükəsizliyi üzrə Qlobal Fəaliyyət Planı (“Global Patient Safety Action Plan 2021–2030”). Cenevrə: WHO, 2021.
Roman Qaraşov
Vəkillər Kollegiyasının üzvü
Azərbaycan İstehlakçılar Şurasının sədri
Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının Tibb hüququ komitəsinin sədr