Vəkilliyə namizədlərlə onlayn icbari təlimə başlanıldı


  • 24 Fevral 20:13

Fevral ayının 24-də Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 94 vəkilliyə namizədlə bir ayadək davam edəcək icbari təlimə başlanılıb.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, təlim zamanı onların lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetiriləcək, insan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzular nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunacaqdır.

Bu gün başlayan icbari təlimin ilk günündə namizədlərlə keçirilən tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov açılış nitqi ilə çıxış edərək vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti barədə fikirlərini səsləndirib, Ədliyyə Akademiyası ilə birgə hazırlanan tədris proqramının məzmun baxımından yeniliklərlə zəngin olması barədə namizədlərə məlumat vermiş və onlara uğurlar arzulayıb.

Sonra A.Bağırov vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə danışıb, o cümlədən, vəkilliyə qəbulla bağlı keçirilən ixtisas imtahanlarının yazılı və şifahi mərhələsindən uğurla keçən namizədləri bu münasibətlə təbrik edərək, hazırki icbari təlimin vəkilliyə namizədlərin gələcək peşə fəaliyyəti üçün əhəmiyyətini vurğulayıb.

Eyni zamanda bildirilib ki, təlimçilərin tərkibi əsasən peşəkar vəkillərdən komplektləşdirilib, namizədlər üçün təcrübi dərslərin keçirilməsi, habelə muzeylərə və digər mədəni obyektlərə səfərlərin təşkil olunması nəzərdə tutulub.

Daha sonra A.Bağırovun "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda mühazirəsi dinlənilib, mövzu ilə bağlı namizədləri maraqlandıran suallar cavablandırılıb.




​​​​​​

Oxşar xəbərlər