Deputat: "Vəkillik institutunun inkişafı ilə bağlı kifayət qədər müsbət dəyişiklik müşahidə olunmaqdadır"


  • 19 Mart 2021 12:40

"Son dövrlər Azərbaycanda vəkillik institutu ilə bağlı aparılan islahatlar nəticəsində vəkillərin sayının kifayət qədər artması öz bəhrəsini verməkdədir. Hüquqi xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi məqsədilə vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Kollegiya tərəfindən daimi əsaslarla vəkillərin ixtisasının artırılması üçün təlimlər və seminarlar keçirilir. Vəkillər Kollegiyası tərəfindən ölkəmizdə vəkillərin sayının artırılması üzrə genişmiqyaslı işlər görülür".

Bunu e-huquq.az-a müsahibəsində millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşir deyib.

Onun sözlərinə görə, istər hüquq sahəsi olsun, istər digər sahələr olsun, kadrların hazırlanmasını əmək bazarına uyğun həyata keçirmək lazımdır: "İnsan hər hansı peşəyə yiyələnmək istədikdə sabah bu sahədə ona ehtiyac olub-olmayacağı ilə maraqlanmalıdır. Burada müəyyən proqnoz xarakterli məqamlara da diqqət yetirmək lazımdır. Fikrimcə, kəmiyyətdən çox keyfiyyətə önəm verilməlidir. Peşəkar hüquqşünasların hazırlığı məsələsi diqqət mərkəzində olmalıdır".

Deputat qeyd edib ki, hazırda vəkillik institutunun inkişafı ilə bağlı kifayət qədər müsbət dəyişiklik müşahidə olunmaqdadır: "Vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün ölkəmizdə vəkil bürolarının da sayı xeyli dərəcədə artıb. Büroların şəraitinin yaxşılaşdırılması və maddi texniki bazalarının gücləndirilməsi ilə bağlı Kollegiya tərəfindən lazimi dəstək verilir. Burada vəkillik fəaliyyətinin həyata keçirilməsi üçün yüksək şərait yaradılır. Düşünürəm ki, görülən bütün bu işlərlə vəkillik institutu daha da inkişaf edərək insan hüquq və azadlıqlarını təminatında öz töhfəsini verəcək".

Oxşar xəbərlər