Ombudsman Aparatı: "Dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin artırılması məqsədəmüvafiqdir"


  • 4 May 2021 15:27

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin artırılması ilə bağlı təkliflərə münasibət bildirib.

Ombudsman Aparatından e-huquq.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən dövrlərdə Ombudsman vəkilin dövlət hesabına göstərdiyi hüquqi yardımın hər bir saatına ödənilən məbləğin 0.99 manat olduğunu nəzərə alaraq, həmin məbləğin reallığa müvafiq olaraq bir neçə dəfə artırılmasını təklif edib: "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 saylı Qərarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 yanvar tarixli, 21 nömrəli Qərarına dəyişiklik edilərək həmin məbləğ artırılaraq 2 manat müəyyən edilmişdi. Hüquqi yardımın keyfiyyətini artırmaq məqsədilə Ombudsmanın növbəti təklifindən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli, 202 nömrəli Qərarına əsasən, müvafiq qərara dəyişiklik edilərək qeyd edilən məbləğ 2 manatdan 6 manata qaldırılmışdır".

Qeyd olunub ki, müvafiq məbləğin artırılması maraqlı tərəf kimi həm vəkilin göstərdiyi hüquqi yardımın keyfiyyətinin artırılmasında, həm də hüququ müdafiə edilən şəxsin keyfiyyətli hüquqi yardım almasında böyük əhəmiyyət daşıyır.

"Ombudsman hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha etibarlı müdafiəsi və səmərəli təmin edilməsi məqsədilə vəkilə ödənilən haqqın hər iş saatı üçün məbləğinin artırılmasını məqsədəmüvafiq hesab edir", - deyə Ombudsman Aparatından bildirilib.

Qeyd edək ki, daha öncə Milli Məclisin deputatları Bəhruz Məhərrəmov, Zahid Oruc, Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, Bakı Apelyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı dövlət hesabına göstərilən hüquqi yardımın keyfiyyətinin artırılması və vəkillərin stimullaşdırılması üçün bu məbləğin artırılması barədə təkliflərlə çıxış etmişdi.

Xəyalə Bünyatova

Oxşar xəbərlər