Vətən müharibəsində zərərçəkənlərə vəkillər tərəfindən pulsuz hüquqi yardım göstərilir


  • 1 İyun 2021 09:56

“ASAN Könüllüləri” Gənclər Təşkilatı və UNICEF tərəfindən Vətən müharibəsi zamanı narahatlıq və qorxu keçirən şəxslərə psixoloji və psixososial dəstəyin göstərilməsi məqsədilə “Fövqaladə hallarda uşaq müdafiəsi” layihəsinin icrasına başlanılıb, o cümlədən aparılmış sorğuya əsasən, həmin zərərçəkənlərin hüquqi yardıma da ehtiyacları olduğu aşkarlanıb.

E-huquq.az xəbər verir ki, bu səbəbdən Vəkillər Kollegiyasına müraciət olunub və həmin şəxslərə pulsuz hüquqi yardım göstərilməsi Kollegiya tərəfindən qərara alınıb.

Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin təşkilatçılığı ilə Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən ilkin olaraq, Tərtər rayonunun Hüsənli kəndində 20-ə yaxın vətəndaşla görüş keçirilib və onlara pulsuz hüquqi yardım göstərilib. Vətəndaşlara məşğulluq, ünvanlı sosial yardımla bağlı məsələlər üzrə pulsuz hüquqi yardım göstərilib, şifahi və yazılı məsləhətlər verilib. Həmçinin, torpaq məsələsi ilə bağlı məhkəmədə mübahisəsi davam edən bir neçə vətəndaşa apelyasiya şikayəti yazılmaqda köməklik göstərilib. O cümlədən, bir çox vətəndaşlara isə, onlayn hüquqi məsləhətlər verilib.

Qeyd edək ki, layihə çərçivəsində göstərilən hüquqi yardımlar digər bölgələrdə də davam edir.







Oxşar xəbərlər