22.10.2026
DİN: “Vəkilə qarşı polis şöbəsində kobud rəftar olunması ilə bağlı iddialar əsassızdır”
Vəkillik fəaliyyəti

DİN: “Vəkilə qarşı polis şöbəsində kobud rəftar olunması ilə bağlı iddialar əsassızdır”

Dek 20, 2022

Vəkil Elvin Yusifov Ağsu Rayon Polis Şöbəsində kobud rəftara məruz qaldığını iddia edib.

Vəkil "Facebook" hesabında bildirib ki, sözügedən şöbədə hüquqlarını müdafiə etdiyi şəxsin şübhəli şəxs qismində tutulmasının səbəbini soruşandan sonra onunla kobud rəftar edilib.

"Telefonla danışdığıma görə polis əməkdaşları tərəfindən qolumdan dartma, Yaşar adlı müstəntiq tərəfindən məcburi şəkildə telefonumun əlimdən alınması, Rəhim adlı müstəntiq tərəfindən üstümə qışqırmaqla və polis idarəsinin həyətindən çölə çıxarmaqla zorakılığa məruz qalmışam və şəxsin hüquqlarının müdafiəsindən məhrum olunmuşam. Həyatıma təhlükə var", – o qeyd edib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan e-huquq.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Cinayət Məcəlləsinin 151-ci (Seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə başlanmış cinayət işi üzrə şübhəli şəxs qismində dindirilən Zahir Hüseynovun vəkili Elvin Yusifova qarşı Ağsu Rayon Polis Şöbəsində kobud rəftar olunması, qeyd olunan şəxsin hüquqlarının müdafiəsindən məhrum olunması barədə iddialar əsassızdır.

"Belə ki, Elvin Yusifov şöbənin inzibati binasında daxili intizam qaydalarına riayət etmədiyi üçün ona sadəcə irad bildirilib. Hazırda şübhəli Zahir Hüseynovun dindirilməsi prosesində iştirak edir", – deyə qeyd olunub.