Bakıda “Gender bərabərliyi beynəlxalq insan hüquqlarının hissəsi kimi” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO


  • 2 İyun 2023 13:34

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Özbəkistan Respublikasının Vəkillər Palatasının birgə təşəbbüsü ilə türk dövlətlərinin ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən “Gender bərabərliyi beynəlxalq insan hüquqlarının hissəsi kimi” mövzusunda beynəlxalq konfrans keçirilir.

E-huquq.az xəbər verir ki, konfransda Türkiyə, Bolqarıstan, Gürcüstan, Hindistan, İrlandiya, Serbiya, Qırğızıstan, Qazaxıstan Vəkillər Kollegiyalarının rəhbər şəxsləri və nümayəndə heyətləri, habelə vəkillik sahəsində dünyaca tanınan və ən nüfuzlu təşkilatlardan olan Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE), Avropa Vəkillər Assosiasiyasının (AEA-EAL), Asiya və Sakit Okean Hüquq Assosiasiyasının (LAWASIA) rəhbər şəxləri, habelə hüquq müdafiəçiləri, və bir sıra yerli dövlət və qeyri-dövlət qurumlarının rəhbər şəxsləri, “Yüksəliş” Müsabiqəsinin qalibi Ramil Abulov, 200-dən çox vəkil iştirak edir.

Tədbirdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov hər kəsi salamlamış, gender bərabərliyinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, ilk Respublikamız və hüquqi varisi olduğumuz Azərbaycan 1918-ci ildə Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət olub.

Konfransın həsr olunduğu türk dünyasının ilk qadın hüquqşünas və vəkili olan Sürəyya Ağaoğlu barəsində məlumat verən Anar Bağırov qeyd edib ki, Sürəyya xanım 1903-cü ildə türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycanın və Türkiyənin görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya gəlib. 1920-ci ildə İstanbul Qızlar Liseyini bitirib. 1921-ci ildə hüquq sahəsində təhsil almaq üçün Universitetə müraciət edib, İstanbul Hüquq Fakültəsinə qəbul olmuş və bununla da hüquq fakültəsinin qapısının qız tələbələrin üzünə açılmasında rol oynayıb. Məzun olduqdan sonra vəkillik fəaliyyəti ilə məşğul olmağa başlayan Sürəyya xanım Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ikinci prezidenti seçilmiş və ömrünün sonuna qədər vəkilliklə məşğul olub.

Anar Bağırov, həmçinin qeyd edib ki, 2018-ci ildən etibarən ölkəmizdə aparılan mütərəqqi islahatlar nəticəsində vəkil korpusunda xanım vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb. Qadın vəkillərin şəbəkələşməsi, qadın hüquqşünasların vəkilliyə marağının artırılması, o cümlədən qadın vəkillərin fəaliyyətlərində qarşılaşdığı gender əsaslı çətinliklərlə mübarizə məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə Qadın Vəkillərin Alyansı yaradılıb.

Sonra Sürəyya Ağaoğlunnun həyat və yaradıcılığına həsr olunan film nümayiş olunub.

Tədbirdə daha sonra tədbirdə Özbəkistan Respublikası Vəkillər Palatasının sədri Alim Ernazarov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov, Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Zix mövzu ilə bağlı çıxışlar edib.

Hibrid qaydada keçirilən və 3 sessiyadan ibarət Konfransda 9 ölkənin Vəkillər Kollegiyalarının rəhbər şəxsləri və nümayəndə heyətinin üzvləri gender bərabərliyi ilə bağlı müxtəlif mövzularda çıxışlar edib, mövcud problemlər, onların həll yolları barəsində Konfrans iştirakçılarına məlumat verib və geniş fikir mübadiləsi aparılıb

Qeyd edək ki, tədbirdə Konfrans iştirakçıları tərəfindən “Gender bərabərliyinin təmin edilməsi üzrə” Birgə Bəyanatın qəbul edilməsi gözlənilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər