- 5 Sentyabr 20:57
Noyabrın 5-də vəkilliyə qəbul üzrə növbəti yazılı test imtahanı keçiriləcək.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub.
Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 (Bakı Asiya Universiteti) ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata keçiriləcək: "Qəbul imtahanlarında iştirak üçün 330 namizədin sənədinin qəbul olunduğunu nəzərə alaraq, vəkilliyə qəbulla bağlı yazılı test imtahanı hər növbədə 165 namizəd olmaqla iki növbəli olaraq, saat 10:00-da və 15:00-da baş tutacaq. İmtahanda iştirak edəcək namizədlərə onların qeydiyyata alındıqları növbə ilə bağlı telefon vasitəsilə məlumat veriləcəkdir. Namizədlərdən imtahan üçün müəyyən olunmuş vaxtdan ən gec bir saat əvvəl imtahanın keçiriləcəyi inzibati binaya şəxsiyyət vəsiqələri ilə birlikdə yaxınlaşmaqları xahiş olunur".
"Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində iştirak etmək istəyən namizədlər 05.11.2023-cü il tarixdə keçiriləcək imtahan üçün nəzərdə tutulan 330 yerin dolduğunu nəzərə almalıdırlar. Vəkilliyə qəbulla bağlı növbəti imtahanlarda iştirak üçün namizədlər Vəkillərin Sənəd Qəbulu Komissiyasına indidən müraciət edə bilərlər", - deyə məlumatda qeyd olunub.
Əlavə məlumat üçün +99412 594 14 95 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.