Vəkilliyə namizədlərlə icbari təlimə başlanıldı - FOTO


  • 29 Noyabr 2023 14:43

Prezident İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. Bu məqsədlə hazırda tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilməkdədir.

E-huquq.az xəbər verir ki, noyabrın ayının 29-da yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 53 vəkilliyə namizədlə Ədliyyə Akademiyasında davam edəcək icbari təlimə başlanılıb.

İcbari təlimin ilk günündə keçirilən tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin sədri Anar Bağırov açılış nitqi ilə çıxış edərək, vəkilliyə namizədlərə uğurlar arzulayıb, təlim zamanı vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetiriləcəyini bildirib.

İnsan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzuların nüfuzlu ekspertlərin iştirakı ilə tədris ediləcəyini deyən sədr icbari təlimdə 53 vəkilliyə namizəddən 27 nəfər qadının, 26 nəfər isə kişinin iştirak etdiyini və habelə onlardan 86 faizinin 40 yaşadək olduğunu söyləyib.

O, təlimdə ilk dəfə qadınların üstünlük təşkil etdiyini, onların bu peşəyə maraqlarının getdikcə artdığını, o cümlədən Azərbaycanda qadınların hüquqlarının yüksək səviyyədə qorunduğunu, dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb.

Həmçinin Anar Bağırov vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti barədə fikirlərini səsləndirib, son dövrlər Azərbaycan vəkilliyində aparılan islahatlar, vəkillərin sayının artırılması istiqamətində görülən işlər, onların yenilənməsi, cavanlanması, müasirləşməsi, təkmilləşməsi barədə məlumat verib. Sədr son illər tədris prosesində dəyişdikliklərin edildiyini, bu istiqamətdə müəyyən islahatların aparıldığını, bütün işlərin Ədliyyə Akademiyası ilə birgə həyata keçirildiyini, əvvəlki illərdən fərqli olaraq, daha təkmil, səmərəli və effektli proqramın mövcud olduğunu qeyd edib.

ARVK ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığını yüksək qiymətləndirdiyini ifadə edən Anar Bağırov burada yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin rəhbərliyinə təşəkkür edib.

Eyni zamanda sədr diqqətə çatdırıb ki, Kollegiyada 300-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir və gələcəkdə onların da test üsulu ilə qəbul edilməsi nəzərdə tutulur. Məqsəd həmin şəxslərin savadının keyfiyyətli və yüksək səviyyədə olmasına maraq göstərməkdir.

Tədbirdə Anar Bağırov Kollegiyanın son 6 ildə gördüyü işlər, apardığı ardıcıl və sistemli islahatlardan, bir çox beynəlxalq təşkilatlara üzv olmağından, o cümlədən yerli dövlət qurumları ilə işgüzar əməkdaşlıqlardan danışaraq, vəkillikdən irəli gələn təşəbbüsün dövlət tərəfindən tam dəstəkləndiyini nəzərə çatdırıb.

Sədr vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə söz açıb. O, bu Sərəncamın ilk dəfə olaraq vəkillik sahəsində aparılacaq islahatların konturlarını, istiqamətlərini müəyyən etdiyini, müasir Azərbaycan vəkilliyinin inkişafının faktorlarından biri olduğunu dilə gətirib.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişiklikləri yüksək qiymətləndirən Anar Bağırov vəkillərin dövlət hesabına hüquqi yardımların könüllü həyat keçirdiyini diqqətə çatdırıb.

Sonra Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi Fakültəsinin dekan müavini Günel Sadıqova çıxış edərək söyləyib ki, təlimlərin əsas məqsədi vəkillərin praktiki və nəzəri biliklərə yiyələnməsidir.

Daha sonra ARVK-nın sədri Anar Bağırovun "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda mühazirəsi dinlənilib.

Oxşar xəbərlər