2023-cü ildə 5 mindən çox aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib


  • 17 Yanvar 10:56

2023-cü il ərzində Vəkillər Kollegiyası tərəfindən bütün ölkə üzrə 5014 nəfər aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib.

E-huquq.az xəbər verir ki, bu barədə Kollegiyanın 2023-cü ilə dair hesabatında qeyd edilib.

Bunlardan 74 pulsuz hüquqi yardım aksiyası zamanı 2510 (“Heydər Əliyev İli” çərçivəsində keçirilən 61 aksiya üzrə 960 nəfərə göstərilən pulsuz hüquqi yardım da daxil olmaqla) aztəminatlı şəxsə pulsuz hüquqi yardımın göstərilməsi təmin edilib.

Hesabat ili ərzində Milli İnsan Hüquqları Günü münasibətilə VK tərəfindən Bakı və regionlarda - 15 yerdə vətəndaşlar üçün bir aylıq pulsuz hüquqi yardım aksiyası təşkil edilib. Eyni zamanda, ARVK tərəfindən hər il ölkədə qeyd edilən Novruz bayramı, İnsan Hüquqları Günü, Milli Qurtuluş Günü, Uşaqların Beynəlxalq Müdafiəsi Günü, Azərbaycanın Silahlı Qüvvələri Günü, Zəfər Günü və s. milli bayramlar münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində respublika üzrə fəaliyyət göstərən bütün vəkil qurumları tərəfindən aztəminatlı şəxslərə, məcburi köçkünlərə, qaçqınlara 13 aksiya üzrə 1550 nəfərə pulsuz hüquqi yardım göstərilib.

Ən çox pulsuz hüquqi yardım aksiyaları Naxçıvan MRVK və Gəncə şəhər 1 saylı VB tərəfindən təşkil edilib. Belə ki, Naxçıvan MRVK tərəfindən təşkil edilən 15 aksiyada 290 aztəminatlı şəxsə, Gəncə 1 saylı VK tərəfindən təşkil edilən 14 aksiyada isə 306 nəfər vətəndaşa pulsuz hüquqi yardımın göstərilməsi təmin olunub.

Aksiyalardan başqa 2023-cü ildə vəkil qurumlarına daxil olmuş müraciətlər üzrə 2493 nəfərə pulsuz hüquqi yardım göstərilib. Bunlardan, 413 vətəndaşa HYTM tərəfindən, digər qurumlar tərəfindən isə 2080 vətəndaşa pulsuz hüquqi yardım göstərilmişdir. Həmçinin şəhid ailələrinə və qazilərə pulsuz hüquqi yardım göstərilməsi, o cümlədən məhkəmə proseslərində pulsuz təmsilçilik həyata keçirilməsi haqqında Rəyasət Heyətinin qərarına əsasən, 11 şəhid ailəsi və qazi müraciəti qeydiyyata alınıb, onlara pulsuz hüquqi yardımın göstərilməsi təmin edilib. Bunlardan 5-i şəhid ailəsi, 6-sı isə qazidir.

Bundan əlavə də qeyd edək ki, gündəlik mütəmadi olaraq vəkil və VB-lərə şifahi müraciət ünvanlanıb, onların sualları cavablandırılıb, müvafiq izahlar verilib.

Oxşar xəbərlər