Anar Bağırov xəbərdarlıq etdi: "Vəkillər Kollegiyası tərəfindən ən sərt tədbirlər görüləcək"


  • 20 Fevral 14:36

Fevral ayının 19-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

Sədr vəkillik təsisatının əhəmiyyətini vurğulayaraq bildirib ki, vəkillik institutu hüquqi dövlətdə vətəndaş cəmiyyətinin önəmli sosial-hüquqi institutu kimi insan hüquqlarının müdafiəsi, ədalətin və bərabərliyin təmin edilməsində vacib rol oynayır. Vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, o cümlədən ədalət mühakiməsinin səmərəli müdafiəsini vəkillik təsisatı olmadan təsəvvür etmək olmaz.

O bildirib ki, son dövrlər ölkəmizdə məhkəmə-hüquq sistemində cənab Prezidentin rəhbərliyi ilə bir sıra mühüm islahatlar aparılır. Vəkillik institutu da məhkəmə-hüquq sisteminin bir hissəsi kimi aparılan mütərəqqi islahatlara hər zaman öz dəstəyini verib, vəkillikdə bir sıra mühüm addımlar atılıb. Belə ki, görülən işlər çərçivəsində vəkillər üçün təlimlər, seminarlar və konfranslar keçirilir.

Aparılan islahatlara, görülən işlərə baxmayaraq, təcrübədə bəzən bəzi vəkillər tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun, habelə vəkillərin etik davranış kodeksinin tələblərinin pozulması hallarına rast gəlirik. Bu pozuntular qəti olaraq yolverilməzdir. Vəkillər öz peşə borcunu layiqincə yerinə yetirməli, qanunlarla və həmçinin etik davranış kodeksi ilə üzərilərinə qoyulan vəzifələri icra etməli, vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərməlidirlər. Onlar, həmçinin fəaliyyətləri zamanı etik normaları qorumalı, qeyri-qanuni hərəkətlərə və qeyri-prosessual münasibətlərə yol verməməlidirlər. Bildirmək istərdim ki, qeyd olunanlar cənab Prezidentin 3 aprel 2019-cu il tarixli Fərmanında da tövsiyə olunub.

Sədr bir daha vurğulayıb ki, vəkillər icraatlarında olduğu işlərdə, xüsusən də dövlət hesabına işlərdə vətəndaşların Konstitusion hüquqları olan keyfiyyətli hüquqi yardım alma hüquqlarını realizə etməli, qeyri-prosessual münasibətlərə daxil olmaqdan çəkinməli, qanunla onların üzərinə qoyulan vəzifələri layiqincə yerinə yetirməlidirlər. Çünki bellə hallar vəkilliyin imicinə ciddi xələl gətirir, ən əsası isə şəxslərin keyfiyyətli hüquqi yardım alma hüquqlarının realizəsinə mənfi təsir göstərir. Əgər pozuntu halları olarsa, təbii ki, Vəkillər Kollegiyası tərəfindən ən sərt tədbirlər görüləcəkdir.

Daha sonra bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi tərəfindən Vəkillər Kollegiyasının üzvü Şahquliyev Misir Vidadi oğlunun barəsində başlanmış cinayət işi ilə bağlı müraciət daxil olub. Rəyasət Heyəti tərəfindən vəkillə bağlı müraciətə baxılaraq intizam icraatının başlanılması qərara alınıb.

Həmçinin, iclasda vəkillərin digər vəkil qurumuna keçməsi, bəzi vəkillərin üzrlü səbəblərdən üzvlük haqqından azad olunması və o cümlədən vəkilin maddi yardımla bağlı müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Oxşar xəbərlər