Tanınmış vəkil Vüqar Babayev yeni vəzifəyə seçildi - FOTO


  • 24 May 20:29

Mayın 24-də "Güvən" Vəkil Bürosunun vəkillərinin ümumi yığıncağı keçirilib.

E-huquq.az xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həyatını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni və Vəkil Marşı səsləndirilib.

Çıxış edən Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov son illər vəkillik sahəsində həyata keçirilən islahatlar, vəkil qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi, qurumların maddi-texniki bazasının gücləndirilməsi üzrə görülən işlər barədə danışıb.

Sonra "Güvən" Vəkil Bürosunun cari fəaliyyəti, büronun işinin təkmilləşdirilməsi ilə bağlı görülməli olan tədbirlər müzakirə olunub.

Yığıncaqda "Güvən" Vəkil Bürosunun müdiri Hikmət Xəlilov müdir vəzifəsindən azad olunması ilə bağlı ümumi yığıncaq iştirakçılarına müraciət edib, ümumi yığıncağın qərarı ilə onun müraciəti təmin olunub.

Daha sonra Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Vüqar Babayevin büro müdirliyinə namizədliyi irəli sürülüb. Açıq səsvermə formatında keçirilən seçkidə yığıncaq iştirakçılarının yekdil səsi ilə Vüqar Babayev "Güvən" Vəkil Bürosunun müdiri seçilib.

Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov Vüqar Babayevi yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Vüqar Babayev isə öz növbəsində ona göstərilən etimada görə yığıncaq iştirakçılarına təşəkkür edib. "Güvən" Vəkil Bürosunun inkişafı istiqamətində əlindən gələni edəcəyini söyləyib və qarşıda duran məqsədlərə nail olmaq üçün birgə fəaliyyətin səmərəli olacağına əminliyini bildirib.

Daha sonra çıxış edən büronun vəkilləri
Tural Şahbazov, Çinarə Namazova, Akif Əliyev və digərləri Vüqar Babayevi təbrik edib, onun rəhbərliyi ilə "Güvən" Vəkil Bürosunun daha da inkişaf edəcəyinə inamlarını ifadə ediblər.

İclas cari məsələlərin müzakirəsi ilə davam etdirilib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər