Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirildi


  • 4 İyun 09:55

May ayının 31-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclasda ümumilikdə 19 müraciət əsasında (onlardan 1 müraciət digər işlə eyni icraatda olmaqla) başlanılan intizam icraatları üzrə 18 işə baxılıb, 4 iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 14 iş üzrə aşağıda göstərilən rəylər qəbul olunub:

- 8 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olması;

- 2 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması;

- 1 intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması;

- 3 intizam işi üzrə icraata xitam verilməsinə dair Rəyasət Heyəti qarşısında məsələ qaldırılması.

Müvafiq rəy qəbul edilən işlərin 7-si fiziki şəxslərdən, 3-ü vəkil qurumlarından, 2-si məhkəmələrdən, 1-i prokurorluq orqanlarından, 1-i isə hüquqi şəxslərdən daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olub.

Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən işlərin 4-ü fiziki şəxslərin, 3-ü vəkil qurumlarının, 1-i isə məhkəmələrin müraciətləri üzrə olub.

Prokurorluq orqanlarından daxil olan 1 müraciət və hüquqi şəxslərdən daxil olan 1 müraciət üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması, məhkəmələrdən daxil olan 1 müraciət üzrə isə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması barədə rəylər verilib.

Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilmiş intizam işlərindən:

- 2 intizam işində “vəkilin Vəkillər Kollegiyasına ödənilməli olan üzvlük haqqını 6 aydan artıq müddətdə üzrsüz səbəbdən ödəməməsi” (2 vəkillə bağlı 2 fakt);

- 1 intizam işində “vəkilin dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə bağlı qərarın qeydə alınması, növbətçiliyə uyğun icrası və vəkil orderinin tərtib edilməsi qaydalarına riayət etməməsi” (2 vəkillə bağlı 2 fakt);

- 1 intizam işində “vəkilin dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə bağlı hesabatın tərtib edilməsi qaydalarına riayət etməməsi” (1 vəkillə bağlı 1 fakt);

- 1 intizam işində “vəkilin göstərdiyi hüquqi yardımla bağlı müqavilədənkənar qaydada nağd şəkildə pul vəsaiti alması” (1 vəkillə bağlı 1 fakt) və “hüquqi yardım göstərilməsi barədə müqavilədə nəzərdə tutulan xidmət haqqı ödənilmədən vəkil orderindən istifadə etməsi” (1 vəkillə bağlı 1 fakt);

- 1 intizam işində “vəkilin qabaqcadan təyin olunmuş məhkəmə iclaslarında hər hansı məlumat vermədən və üzürlü səbəb olmadan iştirak etməməsi” (1 vəkillə bağlı 3 fakt) və “hüquqi yardım göstərilməsi barədə müqavilədə nəzərdə tutulan xidmət haqqı ödənilmədən vəkil orderindən istifadə etməsi” (1 vəkillə bağlı 1 fakt);

- 1 intizam işində “vəkilin göstərdiyi hüquqi yardımla bağlı müqavilədənkənar qaydada nağd şəkildə pul vəsaiti alması” (1 vəkillə bağlı 1 fakt);

- 1 intizam işində “vəkilin hüquqi yardımın göstərilməsi haqqında müqavilədə tapşırığın bir neçə ayrı-ayrı orqanlarda yerinə yetirilməsini göstərməsi” (1 vəkillə bağlı 1 fakt) halları intizam pozuntusu kimi qiymətləndirilib.

Oxşar xəbərlər