- 5 Sentyabr 20:57
Bu gün Azərbaycan vəkilliyinin 105 yaşı tamam olur. Məlum olduğu kimi, 30 iyul 1919-cu il tarixi - Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkillər Şurasının təşkili və yaradılma günü Azərbaycanda milli vəkilliyin təşəkkül tapma tarixi kimi əlamətdardır.
E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünüidarə edən və bütün vəkillərin daxil olduğu təşkilatdır, qeyri-kommersiya məqsədilə yaradılıb. Vəkillər Kollegiyası Azərbaycan SSR-nin 13 noyabr 1980-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” ilə fəaliyyət göstərən Vəkillər Kollegiyasının hüquqi varisidir.
Əsas vəzifəsi
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir.
Fəaliyyəti
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir.
Üzvləri
Hazırda Azərbaycan Respublikasında fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlərinin sayı 2500-dən çoxdur. Onlardan 1999 nəfəri isə kişi, 503 nəfəri isə qadındır. Eyni zamanda, ötən 6 ildə ölkəmizdə vəkil bürolarının sayı da təxminən 4 dəfə artaraq 135-ə çatıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin ölkəmizdə “Vəkil Günü” peşə bayramı kimi qeyd edilməsi qərara alınıb.