Ötən il dövlət hesabına hüquqi yardıma görə vəkillərə 5,5 milyon manat ödənilib


  • 8 Fevral 13:45

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezidentin 2019-cu il 3 aprel tarixli Fərmanının tələblərinə uyğun olaraq, 2020-ci ildən başlayaraq dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqqın ödənilməsi məqsədilə nəzərdə tutulan vəsaitin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən birbaşa Vəkillər Kollegiyasına ayrılması təmin edilir. Bu məqsədlə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanının 1.3.5.2-ci bəndi ilə ARVK-ya dövlət hesabına göstərilən hüquqi yardımla əlaqədar 5 500 000 manat vəsait nəzərdə tutulub və 2024-cü ildə həmin vəsaitin Kollegiyaya ayrılması müvafiq qaydada təmin olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.

Qurum tərəfindən 2024-cü il ərzində büdcə haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq və maliyyə intizamına riayət edilməklə cinayət prosesini həyata keçirən orqanların qərarları əsasında dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqların (məbləğlərin) ödənişləri vaxtında təmin olunub.

Belə ki, hesabat ilində dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqların ödənilməsi üçün nəzərdə tutulan vəsaitlə bağlı xərclərin rüblər və aylar üzrə bölgüsünə uyğun olaraq, vəkil büroları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən sənədlərin Kollegiyaya təqdim edilməsi ardıcıllığı gözlənilməklə cinayət prosesini həyata keçirən orqanlar (təhqiqat, istintaq, prokurorluq orqanları və məhkəmələr), o cümlədən mülki işlər üzrə qəbul olunan qərarlar əsasında dövlət hesabına hüquqi yardıma görə 40 650 qərar üzrə 5 499 994,34 manat (bank xidməti də nəzərə alınmaqla) vəsaitin 96 vəkil qurumuna və 37 fərdi qaydada fəaliyyət göstərən vəkilə, ümumilikdə isə 979 vəkilə ödənişi təmin edilib.

Oxşar xəbərlər