- 15:20
"Yeni qanun layihəsi məktəbdənkənar təhsilin inkişafı baxımından mühüm addımdır".
E-huquq.az xəbər verir ki, Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara təklif edilən dəyişiklikləri yüksək qiymətləndirib.
Deputat bildirib ki, bu qanun layihəsinin əsas məqsədi məktəbəqədər təhsil sahəsində özəl sektorun rolunu artırmaqdır. Onun sözlərinə görə, qanunun qəbulu cəmiyyətə daha geniş seçim imkanı yaradacaq və valideynlər övladlarının təhsili ilə bağlı alternativ variantlar arasında seçim edə biləcəklər.
"Məktəbəqədər yaşda olan uşaqların təhsili hazırda bir neçə qurum tərəfindən həyata keçirilir. Təcrübə göstərir ki, məktəbdənkənar təhsil müəssisələri də bu sahədə mühüm rol oynayır. Yeni yanaşmalar uşaqların inkişafı üçün əlavə imkanlar yaradacaq", - deyə E.Mirzəbəyli vurğulayıb.
Deputat əlavə edib ki, qanun layihəsinin təsdiqlənməsi nəticəsində təhsil sahəsində sağlam rəqabət formalaşacaq, bu isə xidmətlərin keyfiyyətinin artmasına və qiymətlərin aşağı düşməsinə səbəb olacaq.
Şəbnəm Mehdizadə