“2019-cu ildə dövlət sektorunda muzdla çalışanların sayı 916 mindən çox olduğu halda, hazırda bu göstərici 837 min nəfər ətrafındadır”.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, təkcə cari ilin doqquz ayında dövlət sektorunda çalışanların sayı 29 min nəfər azalıb, qeyri-dövlət sektorunda isə 11,8 min nəfər artıb.
“Haqlı sual yaranır: dövlət sektorundan ayrılan əmək resurslarını özəl sektor hansı səviyyədə qəbul etməyə qadirdir?” – deyə Z.Oruc bildirib.
Deputat hesab edir ki, ölkədə əsas problem dövlət sektorunun böyüklüyündən daha çox özəl sektorun yetərincə genişlənə bilməməsidir.
“Dövlət sektorunun mütləq sayını azaltmadan da onun iqtisadiyyatdakı nisbi çəkisini aşağı salmağın daha sağlam yolu ştatların birbaşa və süni imtahanlarla ixtisarı əvəzinə, özəl sektorda yüz minlərlə yeni iş yerinin yaradılmasıdır. Bir dövlət qurumunun xərclərinə qənaət digər dövlət təşkilatının sosial müdafiə xərclərini artırırsa, peşəkar kadrların itirilməməsi üçün islahatların ümumi iqtisadi səmərəsini yenidən hesablamalıyıq”, – deyə deputat vurğulayıb.
Z.Oruc paralel strukturların ləğvini, rəqəmsallaşmanı və büdcə vəsaitlərindən səmərəli istifadə tələbini başadüşülən hesab etsə də, alternativ iş yerləri yaradılmadan dövlət müəssisələrində ixtisarların aparılmasının müəyyən problemlər yarada biləcəyini bildirib.
“Lakin rayonlarda alternativ iş yerləri yaratmadan dövlət müəssisələrini ixtisar etməklə paytaxta miqrasiyanın qarşısını almaq çətin olar”, – deyə o qeyd edib.
Deputat ixtisarların açıq meyarlarının əvvəlcədən kollektivlərə elan olunmasını, təcrübəli mütəxəssislərin vahid kadr ehtiyatı bazasına daxil edilərək digər dövlət qurumlarındakı vakansiyalara yerləşdirilməsini təklif edib.
O, həmçinin hökumətin son beş ilin optimallaşdırma tədbirlərinin yekunlarına dair ayrıca sosial-iqtisadi qiymətləndirmə aparmasının faydalı olacağını bildirib.
Şəbnəm Mehdizadə
