Vəkil: “Fərhad Əhmədova qarşı hücumlar əsassızdır”


  • 10:34

“Azərbaycan ictimaiyyətində tanınmış iş adamı və ictimai xadim Fərhad Əhmədovun adı hər kəsə yaxşı məlumdur. Onun ictimai fəaliyyəti də uzun illər ərzində diqqətdən kənarda qalmayıb. Bütün fikirləri və ümidləri doğma Azərbaycanla bağlı olub. Heç bir mübaliğəsiz demək olar ki, o, ölkəmizin rifahına layiqli töhfə vermiş şəxsdir”.

E-huquq.az xəbər verir ki, bu sözləri vəkil Şaiq Mirzəyev deyib.

“Əhmədovun kiçik vətəni – münbit narlar diyarı olan Göyçaydır. Əslində o, nar plantasiyasında böyüyüb və ömrü boyu qəlbində kənd təsərrüfatı və bağçılıq sevgisini daşıyaraq, bu diyarı Şərqin əsas nar təchizatçısı kimi əvvəlki şöhrətinə qaytarmağı arzulayıb. Fərhad Əhmədov bu barədə özü çox poetik şəkildə belə deyir: “Bağlarımızda min illərdir ki, əcdadlarımızın müdrikliyini, mədəniyyətini və adətlərini özündə yaşadan unikal milli sortlar yetişdirilib. Lakin onların çoxu yoxa çıxır və ya yalnız yaddaşlarda qalır. Bir çox sortlar artıq əbədi olaraq itirilib, ruhsuz və gücsüz hibridlərlə əvəz olunub. Halbuki bu unikal meyvələr – bizim bir parçamız, tariximizin, kimliyimizin bir hissəsidir. Əgər onları itirsək, özümüzdən də bir parçanı itirmiş olarıq… Nar ağacları – bizim qədim genlərimiz, irsimiz, mədəniyyətimiz və yaddaşımızdır”.

Bu yalnız gözəl sözlər deyil – enerjili və təşəbbüskar Əhmədov 2000-ci illərin əvvəlində doğma torpağın dirçəldilməsi arzularını ardıcıl şəkildə həyata keçirməyə başlayıb. Göyçayda yerləşən “AzNar” aqrosənaye şirkətini təsis edib və rəhbərliyini öz üzərinə götürərək Azərbaycan bağçılıq məhsullarını beynəlxalq səviyyəyə çıxarıb. O, ilk növbədə nar, alma və digər yerli sortların becərilməsinə böyük sərmayə yatırıb, eyni zamanda Göyçay rayonunda meyvə emalı üçün müasir zavod inşa etdirib. Marketinq işini də ciddiyə alan iş adamı “AzNar” məhsullarını bir neçə ölkəyə ixrac etməyə başlayıb və bu ölkələrdə ilk dəfə Azərbaycan nar şirəsinin möcüzəvi dadı və şəfa verici xüsusiyyətləri ilə tanış olublar. Daha sonra o, istehsalatı daha da genişləndirərək, yalnız nar deyil, digər meyvə şirələrinin istehsalına da on milyonlarla dollar sərmayə yatırıb və yüzlərlə iş yeri yaradıb”, - Ş.Mirzəyev bildirib.

O qeyd edib ki, bu gün “AzNar” çoxfunksiyalı klaster kimi fəaliyyət göstərir - içki istehsalı, restoran və mehmanxana xidməti sahələrini əhatə edir: “Fərhad Əhmədov Azərbaycanın unikal meyvələrinin və onlardan hazırlanan məhsulların tanıdılması məqsədilə Göyçayda Beynəlxalq Nar Festivalını təşkil edib və bu mövzuya həsr olunmuş digər mədəni tədbirləri Londonda, Venesiyada, Parisdə keçirib. Fərhad Əhmədov, həmçinin müxtəlif istehsalat sahələrində həyata keçirdiyi genişmiqyaslı və perspektivli layihələri, eləcə də xeyriyyə və mədəniyyətə verdiyi dəstək ilə də tanınır. Onun Prezident İlham Əliyevin çağırışına ilk cavab verənlərdən biri olaraq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat köçürməsi buna nümunədir.

Ən mühüm dəstəyi isə Qarabağın və işğal olunmuş ərazilərin azadlığı uğrunda döyüşən Azərbaycan əsgərlərinə olub. Döyüşlərin ilk günündən etibarən o, həm ordumuza, həm də Ermənistan terrorunun qurbanı olmuş mülki vətəndaşlara, şəhid ailələrinə maliyyə və maddi yardım göstərib. Bundan əlavə, xarici media vasitəsilə dəfələrlə erməni separatçılarının təcavüzünü və Qarabağ müharibəsinin həqiqətlərini dünyaya çatdırmağa çalışıb.

Hazırda Fərhad Əhmədov “YAŞAT” Fondu ilə əməkdaşlıq edir – bu fond Qarabağ qazilərinə və şəhid ailələrinə tibbi və digər dəstəklər göstərir. Bundan başqa, o, işğaldan azad olunmuş ərazilərdə tarixi və mədəni abidələrin bərpasına dəstək verməyi planlaşdırır.

2020-ci ilin sentyabr ayında Prezident İlham Əliyev onu “Dostluq” ordeni ilə təltif etmişdir”.

İncəsənətin böyük bilicisi və təəssübkeşi olan Fərhad Əhmədov gənc rəssamların sərgilərinin təşkili, təqaüdlərin ayrılması və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin xarici ölkələrə səfərləri üçün dəstək vermiş, buna görə də həmin akademiyanın fəxri doktoru adına layiq görülmüşdür”.

Vəkilin sözlərinə görə, təəssüf ki, o, bir müddət Qərbin sanksiyalarına məruz qalıb. “Lakin iş adamı hüquqi yolla sübut edib ki, bu qərar əsassızdır və Lüksemburq məhkəməsinin qərarı ilə Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb. Bu da onun beynəlxalq statusunu və hüquqi nüfuzunu bir daha təsdiq edir. Hazırda onun adı Bakı Ağır Cinayətlər Məhkəməsində Fransa Prezidentinin keçmiş mühafizə rəhbəri Aleksandr Benalla və SAUR şirkətinin vitse-prezidenti Anas Derrazın məhkəmə işi ilə əlaqəli hallanır. Qeyd olunmalıdır ki, bu məhkəmə prosesində Fərhad Əhmədov şahid qismində çıxış edir. Təəssüf ki, mətbuatda Benalla və Derrazın hesablarına göndərilən və guya “AzNar” şirkətinin adından köçürülmüş və maliyyə uçotundan gizlədilmiş vəsaitlərə dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Bu iddialar əsassızdır və gerçəkliyi əks etdirmir. “AzNar” bu müqavilənin tərəfi olmayıb və şirkətin adından heç bir vəsait köçürülməyib, maliyyə uçotundan heç nə gizlədilməyib. Bütün vəsaitlər şəxsən Fərhad müəllimin şəxsi hesablarından ödənilib. Həm Fərhad müəllimin, həm də “AzNar” şirkətinin fəaliyyəti tam şəffafdır və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir”.

Ş.Mirzəyev əlavə edib ki, hərçənd Fərhad Əhmədov bu iş üzrə rəsmi olaraq şahiddir, əslində o, zərərçəkmiş tərəfdir: “Təəssüf ki, bəzi yerli media orqanları Fərhad Əhmədov haqqında əsassız məlumatlar yayaraq, təhrif olunmuş məlumatlarla ictimaiyyəti çaşdırmağa çalışırlar. Onun vəkili kimi əminliklə bildirirəm ki, bu cür yalan məlumatlar onun şərəf və işgüzar nüfuzuna xələl yetirir. Fərhad Əhmədov doğma torpağın firavanlığı və inkişafı üçün səmimi çalışan, Azərbaycana böyük həcmdə investisiyalar yatıran, milli mədəniyyəti və təhsili dəstəkləyən, aztəminatlı təbəqələrə sosial yardım göstərən, mühüm ictimai təşəbbüslərdə iştirak edən bir insandır. “Qəlbim və ruhumla doğma vətənim Azərbaycanla bağlıyam. Dərin hörmət bəslədiyim Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın zənginləşməsini və çiçəklənməsini arzulayıram”, - deyə Fərhad Əhmədov bildirir. Onun geniş xeyriyyə fəaliyyəti, kənd təsərrüfatının inkişafı üçün yatırdığı sərmayələr, xarici ölkələrlə qurduğu ticarət və mədəni əlaqələr - əsl vətəndaş məsuliyyətinin və vətənpərvərliyin nümunəsidir. Bəs əslində bu təzyiqlərlə, qarayaxma kampaniyası ilə nəyə nail olmaq istəyirlər? Axı bu şəxs yüzlərlə insana iş imkanı yaradıb, onun səyləri nəticəsində quraq torpaqlar bağlara çevrilib, onun rəhbərliyi ilə “Made in Azerbaijan” brendi dünya bazarlarına çıxarılıb, o, ölkə kənd təsərrüfatının və istehsalının inkişafına on milyonlarla sərmayə yatırıb.

Təəssüf ki, bu hücumlara təkcə bəzi “qalmaqal həvəskarı” jurnalistlər deyil, həm də digər dairələr cəlb olunur. Fərhad Əhmədov bəzən fəaliyyəti və biznesi ilə bağlı ədalətsiz məhkəmə qərarları ilə üzləşir, habelə icra məmurlarının əsassız və aqressiv hərəkətləri ilə qarşılaşır. Bütün bunlar ölkədə sahibkarlığın inkişafı üçün əlavə çətinliklər yaradır.

Xüsusilə qeyd olunmalıdır ki, Fərhad Əhmədov bəzi qeyri-vicdanlı podratçıların müqavilələr adı altında etimadı sui-istifadə edərək, dələduzluqla onun vəsaitlərini mənimsəməsi halları ilə də üzləşib. Belə hallarda hüquqi ədaləti bərpa etmək üçün ciddi mübarizə aparmağa məcbur olur”.

Vəkil sonda bildirib ki, hazırda Azərbaycan Milli Mətbuatının 150 illiyi qeyd olunur və bu münasibətlə Fərhad Əhmədov səmimi təbriklərini çatdırır: “Milli mətbuatımızın 150 illiyi münasibətilə bütün jurnalistləri təbrik edirəm və onlara hər cür uğurlar arzulayıram. İstərdim ki, onlar ölkə və xalq üçün yalnız doğru və faydalı məlumatlar yayımlasınlar!”

“15 sentyabrda özünün 70 illik yubileyi günü münasibətilə, Fərhad Əhmədov Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ehtiram olaraq, doğma Göyçay və ətraf rayonlarda 70 min ağac əkdirəcəyini bildirib. Məhz böyük Heydər Əliyev təbiətə və ağaclara xüsusi həssaslıqla yanaşırdı. Fərhad Əhmədov da onun tövsiyələrinə sadiq qalaraq bu miqyaslı ağacəkmə kampaniyasını həyata keçirmək niyyətindədir”, - vəkil əlavə edib.

Oxşar xəbərlər