Zaur Əliyev: "İnsan hüquqları. Ensiklopediya" kitabının "Konstitusiya və Suverenlik İli"ndə nəşr olunması qürurvericidir


  • 18:07

"Müasir dövrdə insan hüquqlarının tədrisi bütün dünyada xüsusi əhəmiyyət daşıyır. Bu istiqamət BMT səviyyəsində qəbul olunmuş mühüm sənədlərdə də öz əksini tapır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, eləcə də İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt bu sahədə fundamental sənədlər hesab olunur. BMT Baş Assambleyasının qəbul etdiyi digər sənədlərdə də insan hüquqları üzrə təhsilin vacibliyi xüsusi vurğulanır".

Bunu e-huquq.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Zaur Əliyev yeni nəşr olunan “İnsan hüquqları. Ensiklopediya” adlı kitabı barədə danışarkən bildirib.

Z.Əliyev qeyd edib ki, insan hüquqları sahəsində təhsil ilk növbədə dərslikləri, tədris vəsaitlərini və ensiklopedik mənbələri əhatə edir.

Onun sözlərinə görə, Azərbaycanda insan hüquqlarının inkişafı və bu sahədə islahatlar Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: "Ulu Öndərin müəllifi olduğu və bu il 30 illiyi qeyd edilən Konstitusiya bütövlükdə insan hüquqları fəlsəfəsinə əsaslanır. Heydər Əliyevin təşəbbüsü ilə insan hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atılıb, o cümlədən 1998-ci ildə ilk Dövlət Proqramı qəbul olunub, ölüm hökmü ləğv edilib".

Dekan vurğulayıb ki, bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "2006-cı ildə İnsan Hüquqlarının Müdafiəsinə dair Milli Fəaliyyət Planının, 2011-ci ildə isə səmərəliliyin artırılması üzrə Milli Fəaliyyət Proqramının təsdiqi, 2007-ci ildə İnsan Hüquqları Gününün təsis olunması bunun bariz nümunələrindəndir".

Z.Əliyev həmçinin qeyd edib ki, Ulu Öndərin humanizm və mərhəmət dəyərlərinə əsaslanan missiyası bu gün Heydər Əliyev Fondunun fəaliyyəti ilə davam etdirilir: "Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti xüsusilə sosial hüquqların təmininə mühüm töhfə verir".

Dekan bildirib ki, bu gün təqdim olunan insan hüquqları ensiklopediyası Azərbaycanda bu formatda ilk nəşrdir və insan hüquqları üzrə tədrisin genişlənməsinə, elmi biliklərin daha dərindən mənimsənilməsinə xidmət edir. Ensiklopediya, həmçinin əhali arasında hüquqi maarifləndirmənin gücləndirilməsinə yönəlib: "Nəşr yalnız hüquqşünaslar və tələbələr üçün deyil, dövlət qurumlarında çalışanlar, hakimlər, vəkillər, QHT və beynəlxalq təşkilat nümayəndələri də daxil olmaqla geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Kitabın üstünlüklərindən biri təqdim edilən anlayışların təkcə tərifinin deyil, həm də şərhlərinin verilməsidir. Ensiklopediyada ayrıca insan hüquqları ilə bağlı latın aforizmlərinin izahı da yer alır".

Müəllif bildirib ki, 2014-cü ildən üzərində işlədiyi bu əsərin məhz "Konstitusiya və Suverenlik İli"ndə nəşr olunması onun üçün qürurvericidir.

"Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini və dövlət suverenliyinin təmin olunması bizi çox qürurlandırır. Bu gün üçrəngli bayrağımız Azərbaycanın bütün bölgələrində qürurla dalğalanır. Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetində hüquqşünas tələbələrin təhsil alması da mühüm tarixi hadisədir. Mən kitabın ilk nüsxəsini Qarabağ Universitetinin kitabxanasına hədiyyə edəcəyəm ki, tələbələr bu vəsaitdən bəhrələnə bilsinlər", - deyə Z.Əliyev əlavə edib.

Humay Eminqızı

Oxşar xəbərlər