Bakıda qadını qızı barədə məhkəmə hökmünə təsir göstərə biləcəyinə inandıraraq 14 min manatını ələ keçirən şəxs cinayət məsuliyyətindən azad edilib.
E-huquq.az xəbər verir ki, iş materiallarına görə, Kamran Musayev (şərti ad-soyad) zərərçəkmiş Nisə Əliyevaya (şərti ad-soyad) qızının Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə cəzasının yüngülləşdirilməsinə kömək edəcəyini vəd edib.
Belə ki, qadının qızının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi üzrə həbsdə olduğunu bilən K.Musayev bu fürsətdən istifadə edərək ondan 14 min manat alıb.
Qadının sözlərinə görə, o, qızının cəzasının yüngülləşdirilməsi ümidi ilə evini 34 min 500 manata satıb və əldə etdiyi puldan 14 min manatını təqsirləndirilən şəxsə verib. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qızına 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Bundan sonra qadın pulunu geri tələb edib. K.Musayev əvvəlcə borcunu qaytaracağını vəd etsə də, öhdəliyini yerinə yetirməyib. Zərərçəkmişə ümumilikdə cəmi 1850 manat qaytarılıb.
Məhkəmədə təqsirləndirilən şəxs əvvəlcə ittihamı qəbul etməsə də, sonradan 14 min manatı aldığını və şəxsi ehtiyaclarına xərclədiyini etiraf edib. O, əməlindən peşman olduğunu, dəymiş zərərin ödənilməsi və tərəflərin barışdığını bildirib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə K.Musayev barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 2025-ci il tarixli qərarı tətbiq olunub. O, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətə görə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
Şəbnəm Mehdizadə
