- 17:18
"Süni intellektin inkişafı həm müsbət, həm də mənfi təsirlər yaradır".
E-huquq.az xəbər verir ki, təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri" mövzusunda elmi-praktik konfransda deyib.
O bildirib ki, müasir dövrdə həyatı süni intellekt olmadan təsəvvür etmək mümkün deyil: "İnformasiya həcminin sürətlə artması, bu məlumatları sistemləşdirib təhlil etməyi və düzgün qərarlar qəbul etməyi tələb edir. Lakin süni intellektin sürətli inkişafının mənfi təsirləri də mövcuddur. Hazırda dünyada 8 milyona qədər data mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər ekosistemi ciddi şəkildə təhdid edir, çünki böyük miqdarda enerji istehlak edirlər".
Nazir müavini həmçinin qeyd edib ki, nazirliyin əsas vəzifələrindən biri süni intellekt sahəsində kadrların hazırlanması və müvafiq elmi araşdırmaların aparılmasıdır: "Bu məqsədlə, məktəblərdən başlayaraq, uşaqların süni intellektlə bağlı maarifləndirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Eyni zamanda, ekoloji məsələlərə diqqət yetirən məktəblər də fəaliyyət göstərir. Qlobal iqlim dəyişikliyi kontekstində, rəqəmsal bacarıqların inkişaf etdirilməsi məqsədilə ali təhsil müəssisələrində də müxtəlif layihələr icra olunur. Bu sahədə işlər davam etdiriləcək".
Şəbnəm Mehdizadə