Məzmuna keç

Bakıda məşhur brend mağazada mənimsəmə – Məhkəmə qərar verdi

Bakıda satıcı geyim mağazasının kassasından 2413 manat pul götürərək mənimsəyib.

E-huquq.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda fəaliyyət göstərən “Back & Bond” mağazasında baş verib.

Belə ki, mağazada satıcı işləyən şəxs 2025-ci ildə iş gününün sonunda, saat 21:35 radələrində mağazanı bağladıqdan sonra kassada olan pulları sayaraq 2413 manat vəsaiti götürüb və şəxsi ehtiyacları üçün istifadə edib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs əməlini etiraf edib. O, övladının xəstəliyi ilə əlaqədar xəstəxana xərclərini ödəmək üçün rəhbərliyindən maddi yardım istədiyini, lakin həmin vaxt tələb olunan məbləği ala bilmədiyini bildirib. Bu səbəbdən kassadakı pulu götürdüyünü deyən şəxs törətdiyi əməldən peşman olduğunu qeyd edib.

Təqsirləndirilən şəxs vurulmuş 2413 manat məbləğində ziyanı tam ödəyib və zərərçəkmiş tərəflə barışıb. Şirkət də məhkəməyə təqdim etdiyi ərizədə dəymiş ziyanın ödənildiyini təsdiqləyərək mülki iddiadan imtina edib.

Dövlət ittihamçısı məhkəməyə təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 2025-ci il tarixli qərarın tətbiqini təklif edib.

Səbail Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə nəzərdə tutulan əmələ görə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya haqqında qərar əsasında cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib.

Bundan əlavə, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.

Şəbnəm Mehdizadə