- 13:11
2026–2029-cu illəri əhatə edən növbəti ortamüddətli dövr hazırkı inkişaf meylləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır.
E-huquq.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, cari ilin ötən dövrü ərzində ölkə Prezidentinin həyata keçirdiyi xarici səfərlər və yüksək səviyyəli görüşlər ölkəmizin iqtisadi gündəliyinə yeni dinamika gətirib: "Məhz cari ilin 8 avqustunda Prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri çərçivəsində imzalanan sənədlər, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısı üzrə razılaşmanın əldə olunması regionda davamlı sülhün, beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının və iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək. Bu dövrdə əldə olunmuş nailiyyətlər iqtisadi sabitliyin və dayanıqlığın qorunmasına, yeni investisiyaların cəlbinə və ölkəmizin beynəlxalq sahədə rolunun və mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir".
"Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 2025-ci il “Konstitusiya və Suverenlik ili” kimi qeyd edilir. Noyabrın 8-də qürur hissi ilə şahidi olduğumuz Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş möhtəşəm “Hərbi parad” müstəqil dövlətimizin gücünün, ordumuzun qüdrətinin və xalqımızın birlikdə yazdığı şanlı qələbənin təntənəsinə çevrildi", - deyə Baş nazir qeyd edib.
Şəbnəm Mehdizadə