- 17:52
"Son zamanlar məhkəmə qərarlarının Dövlət Yol Polisi tərəfindən icra olunmaması ilə bağlı hüquqi yardım almaq istəyən vətəndaşların sayır artır. Eyni məsələ vətəndaşlarla birlikdə mənim də qarşılaşdığım problemlərdən biridir".
E-huquq.az xəbər verir ki, bu barədə vəkil Bəxtiyar Hacıyev "Facebook" səhifəsində yazıb.
"Dünən, yəni 10 dekabr 2025-ci ildə həmkarımız, Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov "Araz FM"də məsələ ilə bağlı öz fikirlərini səsləndirdi və bildirdi ki, ilk olaraq məhkəmə qərarlarının icrası mexanizmini həyata keçirən cavabdeh Baş Dövlət Yol Polis İdarəsinin müvafiq qurumlarının əməkdaşları tərəfindən icra olunmayan məhkəmə qərarlarına görə həmin əməkdaşlara Daxili İntizam Qaydalarına əsasən tənbeh tədbirlər tətbiq edilməli olsa da, bu hal müşahidə olunmur. İkinici məsələ isə ondan ibarətdir ki, məhkəmə qərarlarının icra olunmamasına görə İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsi üzrə (İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi) və Cinayət Məcəlləsinin 306-cı maddəsi (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) üzrə müvafiq cavabdeh qurumun əməkdaşları məsuliyyətə cəlb olunmurlar.
Məsələ ilə bağlı mənə də çox sayda müraciət edən vətəndaşları nəzərə alaraq, bildirməliyəm ki, cərimələrin verilmiş əsaslı şikayətlər üzrə ləğv edilməsinə dair məhkəmə qərarları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin müvafiq qurumları tərəfindən icra olunur. Belə ki, cərimələri qeydə alan və xaric edən sistemij istifadəsi müvafiq qurumların fəaliyyətinə daxil olduğu üçün bununla bağlı həmin qurumlara rəsmi qaydada müraciət olunmalıdır.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov cari ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmin edilməsi və bu mühüm məsələdə polisin hər zaman insanların güvən yeri olduğunu xatırladaraq ərazi orqanlarının rəislərindən vətəndaşların müraciətlərinə bundan sonra da həssaslıqla yanaşılmasını, bütün araşdırmaların keyfiyyətlə aparılaraq qaldırılan məsələlərin qanuni və operativ həlli üçün səylərin gücləndirilməsini və tapşırılmış sahəyə məsuliyyətin daha da artırılmasını tələb edib.
Biz də həm hüquqşünas, həm də bir vətəndaş olaraq, yaranmış problemlə əlaqədar öz narahatlğımızı bildirir və bunların qısa zamanda Daxil İşlər Nazirliyi tərəfindən aradan qaldırılacağına inanır, Azərbaycan Respublikasının adından inzibati cərimələrin ləğv edilməsinə dair çıxarılan qərarlar üzrə cərimələrin şərtsiz və qısa zamanda müvafiq sistemdən silinəcəyinə ümid edirik", - deyə vəkil qeyd edib.