- 16:04
"Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı öz böyük liderini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edir. Heydər Əliyev yalnız müstəqil Azərbaycan Respublikasının qurucusu deyil, eyni zamanda dünya tarixində silinməz iz qoymuş görkəmli dövlət və siyasi xadimidir. Onun həyat yolu, müdrikliyi və Azərbaycan dövləti qarşısında göstərdiyi əvəzsiz xidmətlər barədə nə qədər danışsaq da, bu irsi tam ifadə etmək mümkün deyil. Çünki Ulu Öndərin irsi təkcə bir dövrün deyil, bütöv bir millətin taleyini dəyişən nəhəng bir tarixi missiyadır"
Bu sözləri e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev deyib.
Onun sözlərinə görə, tarix sübut edir ki, böyük şəxsiyyətlər, onların siyasi iradəsi, gücü və uzaqgörənliyi xalqların və dövlətlərin taleyində dönməz izlər buraxır: "Heydər Əliyev də məhz bu cür nadir liderlərdən biridir. Onun siyasi rəhbərliyi altında Azərbaycan yalnız müstəqilliyini qorumaqla kifayətlənmədi, eyni zamanda öz müstəqil siyasətini beynəlxalq müstəvidə uğurla formalaşdıraraq həyata keçirməyə başladı. Ulu Öndərin strateji düşüncəsi və uzaqgörənliyi sayəsində Azərbaycan dünya arenasında layiqli yerini tutdu və bu mövqeyini möhkəmləndirdi".
Ş.Mirzəyev bildirib ki, Ulu Öndərin rəhbərliyi dövründə ölkənin iqtisadiyyatında, mədəni həyatında və xarici siyasətində mühüm irəliləyişlər əldə olunub. Onun rəhbərliyi ilə qəbul edilən və müstəqil dövlətçiliyimizin hüquqi əsasını təşkil edən Konstitusiya Azərbaycanın dövlətçilik ənənələrinin bərpasına və beynəlxalq aləmdə tanınmasına möhkəm zəmin yaratdı.
Vəkil deyib ki, 1993-cü il iyunun 15-də Azərbaycan xalqının təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni ciddi təhlükələrdən xilas etdi: "Onun zəngin siyasi təcrübəsi və müdrikliyi sayəsində Azərbaycan müstəqilliyini qorudu, ölkədə sabitlik təmin olundu və inkişaf mərhələsinə qədəm qoyuldu. Heydər Əliyevin rəhbərliyi altında daxili və xarici siyasətdə düzgün balans yaradıldı, Dağlıq Qarabağ münaqişəsində atəşkəs əldə olundu və ölkənin gələcək inkişafı üçün möhkəm təməl formalaşdırıldı".
Ş.Mirzəyev qeyd edib ki, Azərbaycan xalqı Ulu Öndərin həyata keçirdiyi islahatları daim yüksək qiymətləndirərək onu əbədi olaraq Ümummilli Lider kimi xatırlayacaq: "Heydər Əliyevin dövlətçilik sahəsindəki misilsiz xidmətləri, xüsusilə Azərbaycanın ən çətin dövrlərində qəbul etdiyi strateji qərarlar ölkənin taleyini müəyyənləşdirdi. Onun irsi bu gün də bizə yol göstərir, əziz xatirəsi isə hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayır".
O vurğulayıb ki, bu gün Ümummilli Lider Heydər Əliyevin ideyaları və siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənir, yeni zirvələr fəth edir və beynəlxalq aləmdə nüfuzunu daha da artırır. Prezident İlham Əliyev Ulu Öndərin layiqli davamçısı olaraq tarixi ədaləti bərpa etmiş, işğal altında olan torpaqlarımızı azad etmiş və möhtəşəm Zəfər salnaməsinin müəllifi olmuşdur. Bu, Heydər Əliyevin qurduğu dövlətin və müəyyən etdiyi siyasi kursun nə qədər möhkəm və əbədi olduğunu bir daha sübut edir".
Sonda Ş.Mirzəyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan dövlətinin və xalqının tarixində daim yaşayacaq, onun ideyaları gələcək nəsillər üçün işıq mənbəyi olacaq və ölkəmizin davamlı inkişafına ilham verəcəkdir.
Şəbnəm Mehdizadə