"Bu amnistiya ölkəmizin tarixinə mühüm bir hadisə kimi həkk olunacaq" - DEPUTAT


  • 16:34

"Prezident İlham Əliyev tərəfindən növbəti amnistiya təşəbbüsünün irəli sürülməsi mühüm bir hadisədir. Bu, dövlətin humanizm siyasətinin həyata keçirilməsi üçün atılan qərarlı bir addımdır. Fikrimcə, bu təşəbbüsün ən əhəmiyyətli tərəflərindən biri, həm hüquqi müstəvidə, həm də sosial status müstəvisində geniş tətbiq olunmasıdır".

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov deyib.

O bildirib ki, ilk dəfə olaraq Azərbaycanda Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri və yaxınları da amnistiya aktına daxil edilir: "Bu, yalnız hüquqi bir humanitar tədbir kimi qiymətləndirilə bilməz. Eyni zamanda, bu təşəbbüs Azərbaycanda vətənpərvərliyin, Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə və onların yaxınlarına hörmətin və rəğbətin ifadəsidir. Həmçinin, bu addım mənəvi dəyərlərin təbliğinə də xidmət edir. Yəni, amnistiya aktı Vətən müharibəsinin və ya Birinci Qarabağ müharibəsinin iştirakçılarının ailə üzvlərinə şamil edilir. Bu, əlbəttə ki, "Konstitusiya və Suverenlik ili" çərçivəsində baş verir. Çünki bu kateqoriyaya daxil olan vətəndaşlar özləri və ya yaxınları ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasına töhfə vermiş şəxslərdir. Bu, çox mühüm bir hadisədir. Dövlətimiz ilk dəfədir ki, humanitar aksiyalarda belə bir yanaşma tətbiq edir".

Deputat deyib ki, bundan əlavə, məsələnin sosial tərəfi də olduqca vacibdir: "Çünki amnistiya aktı çərçivəsində 5 min Azərbaycan vətəndaşı dərhal azadlığa çıxacaq. Bu da, öz növbəsində, 5 min ailə üçün sevincə səbəb olacaq. Digər kateqoriyaları nəzərə alaraq, ümumilikdə 20 min vətəndaşımıza amnistiya tətbiq olunacaq. Çoxsaylı ailələr öz ailə başçılarına qovuşacaq, bəzi gənclər isə yeni ailələr quracaq. Buna görə də bu təşəbbüsün geniş sosial rezonansı olacaq".

H.Məmmədov hesab edir ki, bu amnistiya ölkəmizin hüquq tarixinə və ictimai-siyasi münasibətlərinə mühüm bir hadisə kimi həkk olunacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər