Məzmuna keç

Hakerlər 178 şirkətin saytlarına zərərli kod yerləşdirib

Kibertəhlükəsizlik tədqiqatçıları hakerlərin kriptovalyuta və bank kartı məlumatlarını oğurlamaq məqsədilə 178 şirkətin veb-saytlarına zərərli JavaScript kodu yerləşdirdiyini açıqlayıblar.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçı Skott Helmenin sözlərinə görə, hücumda “Optimizely” platformasından istifadə edilib. Zərər çəkən şirkətlər arasında IKEA, Salesforce, BBC, CNN, Zoom, HSBC və Air France-KLM kimi tanınmış qurumlar var.

“HusdonRock” kibertəhlükəsizlik şirkəti də hücumu təsdiqləyib. Zərərli proqram kriptovalyuta pul kisələrinin ünvanlarını hücumçuların ünvanları ilə əvəz edir, bank kartı məlumatlarını, brauzer kukilərini və ekran görüntülərini oğurlayır.

Bundan əlavə, proqramın iPhone və iPad cihazlarına “Coruna” və “DarkSword” adlı iOS istismar vasitələrini ötürdüyü müəyyən edilib. Artıq kriptovalyuta oğurluğu ilə nəticələnən əməliyyatlar da təsdiqlənib.

Mütəxəssislər bildirirlər ki, zərərli kod “Optimizely”nin etibarlı infrastrukturu vasitəsilə yayıldığından hədəf saytların təhlükəsizlik sistemlərini keçə bilib. Hücumdan neçə istifadəçinin zərər çəkdiyi isə hələlik məlum deyil.

Şəbnəm Mehdizadə